Azərbaycanın Şanlı Zəfər qazanmasından iki il ötür. Bu əlamətdar tarix Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında silsilə tədbirlərlə qeyd olundu. Açıq dərslər, elmi-praktik konfranslar, bədii-qiraət, foto və rəsm müsabiqələri, ağacəkmə aksiyası kimi tədbirlər məhz Zəfər tarixinin gənclər arasında təbliğ olunması, vətənpərvərlik ruhunun artırılması məqsədi daşıyır.
Növbəti tədbir filialın tələbə təşkilatları tərəfindən keçirilən “Şanlı Zəfər” adlı tədbir oldu.
Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə ilk olaraq Qələbəyə gedən yolun tarixi xronologiyasını özündə əks etdirən “Zəfər yolu” səhnə-kompozisiyası nümayiş olundu. Qeyd edək ki, səhnədə istifadə olunan şeirlər filialın III tədris ili tələbəsi Nadir Məmmədov tərəfindən qələmə alınmışdır.
Tədbirin gedişində Qələbəmizin səbəbkarları – Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərliyi ilə böyük uğurlara imza atmış Azərbaycan ordusuna, şəhid və qazilərimizə həsr olunmuş şeirlər səsləndirildi.
Tələbələrin ssenarisi əsasında səhnələşdirilən “Bir məktubun hekayəsi” adlı kiçik tamaşa tədbir iştirakçılarına kövrək və qürur dolu anlar yaşatdı.
Noyabr ayında “Bayram bayrama qarışır” deyən tələbələr tərəfindən 9 Noyabr Bayraq Gününə həsr olunmuş rəqs, mahnı və şeirlərdən ibarət “Bayraq mərasimi” də böyük maraqla qarşılandı.
Filialın direktoru, dosent Tünzalə Yusifova təşkil olunan tədbirə görə tələbələrə xüsusi təşəkkür etdi. Vurğulandı ki, Cənab Prezident İlham Əliyevin güclü daxili və xarici siyasəti nəticəsində Azərbaycan yalnız 2020-ci ildə deyil, artıq iki ildir ki, qüdrəti ilə dünyaya səs salır. Tarixən Vətənə bağlılığı ilə fərqlənən xalqımızın mübarizəsi hələ də informasiya cəbhəsində davam edir. Cənab Prezidentin qeyd etdiyi kimi, “Yolumuz haqq yoludur”. Odur ki, bu günün gəncləri bütün sahələrdə uğur qazanaraq, hərə öz sahəsində “Müsəlləh əsgər olaraq” öhdələrinə düşən məsuliyyəti tam anlayırlar.Bir ali təhsil müəssisəsi kimi, ADPU-nun Şamaxı filialı da Zəfər tariximizin təbliği, şəhid ailələri və qazilərimizin yanında olmağı özünə borc bilir. 8 Noyabr Zəfər Günü və 9 noyabr Bayraq Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Tünzalə xanım Yusifova çiçəklənən Azərbaycanın əbədi qələbəsinin qürur mənbəyimiz olduğunu qeyd etdi.







