Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə filialın müəllim və tələbə heyəti tərəfindən “Hədəf 10%” proqramı çərçivəsində “Zəfər Günü”nə həsr olunmuş Hərbi Qənimətlər parkına ekskursiya təşkil olundu.Ekskursiyanın təşkil olunmasında əsas məqsəd 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən Müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlər haqqında tələbələri məlumatlandırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdən ibarətdir.
Hərbi Qənimətlər Parkına ekskursiya zamanı tələbələrə Vətən Müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilib. Həmçinin müharibə cinayətləri, döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar da tələbələrin diqqətinə çatdırılıb.Tələbələr ekskursiya çərçivəsində Vətən Müharibəsi zamanı qənimət götürülən eksponat, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına tamaşa etdilər, videozalda Zəfər tarixini eks etdirən filmi izlədilər
Hərbi Qənimətlər Parkına ekskursiya tələbələrdə xalqımızın Vətən Müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.

