Cənab Prezident İlham Əliyevin 2022-ci ili məhz “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır. Bu sərəncamdan irəli gələrək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filailında imzalanmış tədbirlər planına əsasən müxtəlif tədbirlər keçirilməkdə davam edir.
Növbəti dəfə filialın Heydər Əliyev Lektoriyasında “Əziz Şuşa, Sən azadsan!” adlı elmi-praktik konfrans keçirildi.
Dövlət Himninin səslənməsindən və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, həmçinin Şuşanın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra filialın direktoru, dosent Tünzalə Yusifova qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci il “Şuşa ili” elan olunub. O qeyd etdi ki, 30 ilə yaxın işğal altında olan Şuşa şəhəri 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuşdur. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbəsi Zəhra Cəfərzadənin konfransın mövzusuna uyğun hazırladığı “Əziz Şuşa, sən azadsan!” adlı videoçarx böyük maraqla izləndi.
Tədbirdə Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov “Qarabağ Azərbaycandır” mövzusunda çıxış edərək tarixən erməni mənfurlarının Azərbaycan torpaqlarına göz dikdiklərini tarixi faktlarla iştirakçıların diqqətinə çatdırdı. Ömrünün çox hissəsini Qarbağda, Şuşada keçirən Mayıl müəllim 80-ci illərdə ermənilərin törətdikləri haqsızlıqlar, Sovet hakimiyyətinin isə buna göz yummasının şahidi olmasından bəhs etdi.
Daha sonra Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov “Əziz Şuşa, sən azadsan!”, Sosial və pedaqoji elmlər kafedrasının müəllimləri Babək Abdullayev “Şuşa fatehləri”, Zərifə Həmidova “Qarabağın təbiəti” mövzularında çıxış etdilər.
Tələbələr adından çıxış edən Tələbə Gənclər Təşkilatının sədr müavini Nuranə Mirzəyeva “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” mövzusunda geniş təqdimatla çıxış etdi.

