27 sentyabr 2020-ci ildə rəşadətli Azərbaycan ordusunun düşmən ordusunun təxribatlarına qarşı həyata keçirdiyi əkshücüm əməliyyatının başlanmasından iki il ötür. Bildiyimiz kimi, 44 günlük Zəfər Tarixində canlarından keçən igid oğullarımızın əziz xatirəsini əbədiləşdirmək üçün Ali Baş Komandan, cənab prezident İlham Əliyev hər il sentyabrın 27-də Anım Gününün keçirilməsi məqsədilə sərəncam imzalamışdır. Şəhidlərimizin xatirəsini hər zamn əziz tutan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filiaında da müvafiq Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir. Filialın kitabxanasında bu məqsədlə guşə yaradılmışdır.
26 sentyabrda filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti I və II Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edərək, onların məzarı önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar.
Tədbir filialın yerləşdiyi Şəhriyar qəsəbəsində Şamaxı şəhidlərinin xatirəsinə ucaldılmış abidə önündə davam etdi. Şəhid ailələrinin və qazilərin də iştirak etdiyi tədbirdə ilk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova 30 ilə yaxın müddətdə Azərbaycan xalqının qəlbində nisgillə yaşamasına baxmayaraq heç vaxt ümidini itirməməsindən, gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsindən, 44 günlük Zəfər tarixində dövlət-xalq-ordu birliyinin gücündən bəhs etdi. 27 sentyabr yaddaşlara həm Anım Günü, həm Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Ümummilli lider Heydər Əliyevin vəsiyyətinin yerinə yetirildiyi tarixi günlərin başlanğıcı, qürur yeri kimi yaddaşlara həkk olundu. Cənab Prezidentin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsinə arxalanan Azərbaycan xalqı bu gün də haqq yolunda qürurla addımlayır. Bizim müqəddəs vəzifəmiz bu günü gələcək nəsillərə ötürmək, şəhid ailələrinə və qazilərə daima ehtiramla yanaşmaq, şəhidlərimizi yaşatmaqdır.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov Azərbaycanın nəinki döyüş meydanında, həmçinin siyasi arenada öz sözünü qətiyyətlə dediyini, çəkinmədən ədaləti bərpa etdiyini qeyd etdi. Qeyd olundu ki, əldə olunan uğurlar ulu öndər Heydər Əliyevin siyasi kursunun bəhrəsidir.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin rayon filialının sədri, şəhid anası Güllü Babaşova və birliyin sədr müavini Fuad Səmiyev 2020-ci ilin sentyabrında anaların necə qürurla cəbhəyə övladını yola salmasından, Azərbaycan xalqının öz dövlətinə, ordusuna sahib çıxaraq arxa cəbhədə əzmlə çalışmasından, 30 illik həsrətin sona çatmasında hər bir azərbaycanlının böyük rolu olmasından danışdı.
Şəhid valideynləri – Zakir Manafov və Rövşən Amanaliyevin qürur dolu xatirələrini, şəhid valideyni kimi keçirdikləri hissləri dinləmək tədbir iştirakçılarına duyğu dolu anlar yaşatdı.
Sonda tələbələr adından İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsi Fidan Abbasova “Şəhidlər Xiyabanı” (müəllif: Zahid Xəlil) və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Narınc Cəbrayılova “Şəhidim” (müəllif: Cığatel İsaqızı) şeirlərini səsləndirdilər.