Azərbaycan ərazisi bütövlüyü uğrunda canından, qanından keçən qəhraman oğullarımızın xatirəsinə hekayələr, romanlar yazılıb, kitablar çap edilib. Şamaxı Rayon İcra Hakimiyyəti və “TEAS Press” Nəşriyyat Evi tərəfindən Şamaxıda, Heydər Əliyev adına parkda keçirilən kitab sərgisində xalqımızın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan, Qarabağın tarixini və ordumuzun keçdiyi şanlı döyüş yolunu əks etdirən kitablar təqdim olunub. Sərgidə Şamaxı Rayon İcra hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Tamam Cəfərova, digər rəsmilər və ADPU-nun Şamaxı filialının müəllim və tələbə heyəti iştirak edib.
Sərgi çərçivəsində Azərbaycan ədəbi mühitinin sevilən yazıçıları Reyhan Yusifqızı, Zahid Xəlil və Elxan Elatlı ilə imza saatları təşkil olunub. Yazıçılar cəmiyyət tərəfindən böyük marağa səbəb olan kitab yarmarkalarının və ədəbi görüşlərin tez-tez keçirilməsinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb.
Daha sonra, kitabsevərlər Azərbaycanın tanınmış yazıçıları Elxan Elatlı, Zahid Xəlil və Reyhan Yusifqızının “44 günlük Qarabağ müharibə”si ilə bağlı qələmə aldıqları kitablarla yaxından tanış olub və müəlliflərin öz imzası ilə kitab əldə ediblər.
Kitabın bəşəri dəyər olduğunu qeyd edən çox saylı sərgi qonaqları regionlarda kitab sərgilərinin keçirilməsini yüksək qiymətləndirib.
Qeyd edək ki, kitab sərgisinin keçirilməsində əsas məqsəd xalqımızın tarixinə hər zaman iftixarla öyünəcəyimiz qəhramanlıq salnaməsi yazan səhidlərimizin xatirəsini əbədi yaşatmaqla yanaşı cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliq etməkdir.
Dünya klassiklərinin və uşaq ədəbiyyatının nümunələri daxil olmaqla ümumilikdə təşkil olunan iki günlük Kitab Sərgi-Yarmarkasında 104 adda 1300-ə yaxın kitab oxucuların diqqətinə çatdırılıb.
Qeyd edək ki, filialımızın tələbələri sərgidə könüllü kimi fəaliyyət göstərmişlər




