21 iyun – 16 iyul tarixlərində ADPU-nun Şamaxı filialının İnklüziv təhsil mərkəzində təşkil olunmuş 108 saatlıq pedaqoji kurs uğurla yekunlaşdı. Qeyd edək ki, kurs Azərbaycan Respublikası Təhsil İnstitutunun növbəti uğurlu layihələrindən biri olan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində həyata keçirildi.Kurs müddətində Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarında fəaliyyət göstərən icmalarda tədris aparan tərbiyəçi-müəllimlər “Erkən uşaq inkişafı” mövzusunda nəzəri və praktiki məsələləri həm araşdırmaq, həm də yeni biliklər qazanmaq şansı əldə etdilər. Təlimçilər – Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Şəlalə Seyidova və Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Səkinəxanım Xasiyeva məktəbəqədər kurrikulum, uşaqların əqli, sosial, fiziki və yaradıcı sahələrdə hərtərəfli inkişafı, oyun, tədqiqat və layihə əsaslı öyrənmə və s. mövzularda bir çox məsələlərə aydınlıq gətirməkdə icma müəllimlərinə istiqamət vermişlər.
Kursa daxil olan ekskursiya, açıq hava fəaliyyəti və yerli konteksdən təlimdə səmərəli istifadə olunması mövzularının nəzəri hissəsinin praktikaya tətbiqi isə özünəməxsus şəkildə həyata keçirildi. Belə ki, kurs iştirakçıları iyunun 15-də Şamaxı rayonuna təşkil olunmuş ekskursiyada iştirak etdilər. Ekskursiya zamanı orta əsrlər Azərbaycan memarlıq abidələri arasında nadir kompleks tikililərindən biri olan Kələxana türbələri ziyarət olundu. Bildiyimiz ki, türbələrin ərazisində hazırda dəyərli alimlər – tarix elmləri doktoru Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə arxeoloji tədqiqat işləri aparılır. Aparılan tədqiqat və həmçinin abidənin tarixi barədə iştirakçılara geniş məlumat verən Qafar Cəbiyev türbələrin turizm əhəmiyyətliliyini də xüsusi vurğuladı.
Tarixi VIII əsrə dayanan Şamaxı Cümə Məscidi öz memarlıq üslubu ilə ekskursiya iştirakçılarında xüsusi maraq oyatdı. Tarixilik və müasirliyin mükəmməl vəhdəti olan məscid iştirakçılarda fərqli duyğular yaratdı, mənəvi rahatlıq bəxş etdi.
Şamaxının böyük Azərbaycan şairi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin ev muzeyində dahi şairin həyat tərzinin nişanələrini görmək, bəşəri ideyaların meydana çıxdığı mühitdə olmaq iştirakçıları çox sevindirdi. Şamaxının qürur yeri olan mütəfəkkirlər arasında novatorluğu ilə fərqlənən şair haqqında muzey rəhbərliyi tərəfindən geniş məlumat aldıqdan sonra müəllimlər muzeyin xatirə kitabına təəsüratlarını yazdılar.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyaya filialın dosenti, rəsədxananın elmi işçisi Nazim Hüseynov rəhbərlik etdi. İştirakçılar rəsədxananın muzeyindəki eksponatlarla tanış olub və rəsədxananın yaranma tarixi haqqında məlumatlandırıldı. Qeyd olundu ki, rəsədxana ilə tanışlıq zamanı Şamaxı şəhərinin bir elm mərkəzi kimi də qədimliyi öz əyani sübutunu tapır.
Növbəti dəfə qədimliyi və tarixi eksponatları ilə fərqlənən Dəmirçi kəndi ziyarət olundu. Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilən və ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi, qədimliyini qoruyub saxlayan küçələr, binalar iştirakçılara mənəvi zövq verdi.
Gözəl təbiət qoynunda davam etdirilən ekskursiya iştirakçılara gözəl hisslər yaşatdı və bir ömür boyu unudulmayacaq xatirələrlə yadda qaldı.










