24-25 may tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialının və Türkiyə Cümhuriyyəti İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə 5-ci Beynəlxalq “Elm və Təhsildə İnnovativ Texnologiyalar” Konfransı keçirilib.

ADPU-nun Şamaxı filialının ev sahibliyi etdiyi hibrid formada keçirilən Beynəlxalq elmi Konfransa Türkiyə Cümhuriyyəti İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun əməkdaşları “ZOOM” platformasından onlayn şəkildə, ADPU-nun müəllim heyəti isə əyani formada qoşulublar. Konfransın açılış-plenar iclası Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu. Plenar iclasa onlayn şəkildə ADPU-nun rektoru, prof. Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov, Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Elmi-tədqiqat mərkəzinin müdiri Prof. Ərəstun Mehdiyev və İKSAD institutunun rektoru Doktor Mustafa Latif Emek qatılaraq hər biri öz növbəsində konfransın işinə uğurlar arzulayıb.

Plenar iclasın ardından iki gün davam edən Beynəlxalq Konfrans öz işini 4 bölmədə davam etdirib. İştirakçılar məruzələri ilə çıxış edib və sertifikatla təmin olunub. Konfrans 25 may tarxində başa çatıb.