Ümummilli lider Heydər Əliyev ADPU-nun Şamaxı filialında ehtiramla yad edildi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummil lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdən öncə filialın professor-müəllim və tələbə heyəti Ulu Öndər Heydər Əliyevin Şamaxı şəhərində yerləşən abidəsini ziyarət edərək dahi şəxsiyyətə ehtiram hisslərini bildirdilər.
Sonra tədbir filialın akt zalında davam etdirildi. Ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə tarixi şəxsiyyətin çoxsahəli fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
Giriş sözü ilə çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova bildirdi ki, Azərbaycanın qurucusu Heydər Əliyev özünün nəhəng fəaliyyəti ilə tarix yaratmışdır. Respublikanın ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin quruculuq amallarının yadigarları olmasın. Bu gün fəxrlə gənc nəslə təbliğ etdiyimiz Zəfər tarixinin banisi də məhz Heydər Əliyev və onun özü qədər inandığı Cənab Prezident İlham Əliyevdir.
Tədris işləri üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov “Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzə etdi.
Sosial və pedaqoji elmlər kafedrasının müəllimi, dosent Zərifə Cavadova “Müstəqilliyimizin memarı”, Dil, ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Xasıyeva Səkinəxanım “Heydər Əliyevin ana dili siyasəti”, Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Əlişah Eyyubov “Ulu öndər türk dünyasının lideri kimi”, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə III tədris ili tələbəsi Qəfarova Gövhər “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış etdilər.
İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Abbasova Fidan “Ulu bir sərkərdə, Ulu bir öndər”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbəsi Tağıyeva Seyidaminə isə “Vətən oğlu” şeirini səsləndirərək Ümummilli liderə gənc nəslin dərin məhəbbətini ifadə etdilər.
Qeyd edək ki, filialın rəhbərliyi Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar Şamaxı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə də iştirak edərək Ümummilli liderin abidəsi önünə gül dəstələri düzdülər.




