ADPU-nun Şamaxı filialının tələbə təşkilatları doğma təhsil ocağını təbrik etdilər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında fəaliyyət göstərən tələbə təşkilatları – Tələbə Gənclər təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar ittifaqı Komitəsi və YAP Gənclər Birliyi təşkilatları hər zaman filialda keçirilən tədbirlərdə fəallıq göstərir, təhsil aldıqları müəssisəni layiqincə təmsil edirlər.

Bu dəfə tələbə təşkilatları filialın 30 illik yubileyini təbrik etmək üçün “30 ilin uğuru” adlı tədbir təşkil etdilər. Tədbirdə filialın bütün professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.

Filialın tarixini əks etdirən çıxışlar, təqdimat və videoçarxların nümayişindən sonra bədii hissəni tələbələrin şeir, rəqs və mahnıları bəzədi. I tədris ili tələbəsi Mirzəyeva Nuranənin qələmə almış olduğu “ADPU-nun Şamaxı filialının bir tələbənin həyatında rolu” adlı hekayənin tələbələr tərəfindən səhnələşdirilməsi xüsusi marağa səbəb oldu.

Tədbirin təşkilatçılığında iştirak edən bütün tələbələrə təşəkkürünü bildirən filialın direktoru, dosent Tünzalə Yusifova 1991-ci ildə fəaliyyətə başlayan filialın bu gün də uğurla fəaliyyət göstərdiyini dilə gətirdi. T.Yusifova qeyd etdi ki, ADPU-nun 100 və Şamaxı filialının 30 illik yubileyləri münasibətilə filialda keçirilən bütün tədbirlərdə tələbələr xüsusi fəallıq göstərmişlər. Bir ali təhsil ocağının əsl uğuru onun tələbə və məzunlarının fəaliyyətidir. Qürur hissi ilə qeyd olundu ki, ADPU-nun Şamaxı filialı bu baxımdan ali təhsil müəssisələri arasında özünəməxsus yer tutur.

Qeyd edək ki, tədbirdə əlamətdar hadisələrlə əlaqədar keçirilən yarış və müsabiqələrdə qalib gələn tələbələrin təltif olunma mərasimi də keçirildi.