“Erkən nigah və məişət zorakılığı” mövzusunda dəyirmi masa
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Erkən nigah və məişət zorakılığı” mövzusunda dəyirmi masa keçirildi. Filialın müəllim və tələbə heyətinin, o cümlədən ailəli olan xanım tələbələrin iştirak etdiyi dəyirmi masada giriş sözü ilə çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova ailə qurmağa qərar verməzdən öncə hər bir gəncin psixoloji hazırlığının, sosial cəhətdən müstəqilliyinin olmasının vacibliyini qeyd etdi. Tələbələrlə səmimi söhbət aparan Tünzalə xanım zaman-zaman təhsilini ailə həyatına qurban vermək istəyən, lakin sonradan filial rəhbərliyinin təkidi, maddi və mənəvi dəstəyi ilə bu fikrindən daşınan məzun və tələbələrimizdən danışdı. Ömrün ən gözəl illəri olan gəncliyi tam dolğunluğu ilə yaşayan, təhsil alan qadınlarımızın həm də gözəl ana, valideyn olduqları qeyd olundu.
Tədbirdə Sosial və pedaqoji elmlər kafedrasının əməkdaşları b.ü.f.d. Təranə Əkbəri və Əfəndiyeva Teybə erkən nigahın və məişət zorakılığının yaratdığı fizioloji və psixoloji fəsadlardan, Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Vəsilə Razımi erkən nigahın qarşısının alınması üçün həyata keçirilən maarifləndirmə işlərindən danışdı.
Sonra ailəli tələbələr adından çıxış edən Şərəf Mustafayeva və Bikə Yəhyayeva təhsillərini davam etdirməyə səy göstərmələrindən danışaraq, ilk növbədə əsas diqqəti təhsilə yönəltməyin vacibliyini vurğuladılar.


