Qalib Prezidentin qalib xalqla görüşü

Ərazilərimizin düşmən tapdağından azad olunması uğrunda başlanan Azərbaycan xalqının haqlı olduğu 44 günlük müharibənin ilk günlərindən ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bir çox əhəmiyyətli hərbi əməliyyatlar həyata keçirdi. Bu əməliyyatların içərisində həm strateji cəhətdən, həm də hərbi nöqteyi-nəzərdən Hadrut əməliyyatının əhəmiyyəti olduqca böyükdür. Məhz Hadrutun azad edilməsi ümumilikdə Qarabağın işğaldan azad edilməsinə şərait yaratdı. Əhəmiyyətli olduğu qədər də Hadrutun azad edilməsi çətin idi. Qəsəbəni əhatə edən təpəliklər ermənilərin böyük bir əraziyə nəzarət etməsinə imkan verirdi. Lakin Azərbaycan ordusunun qələbə əzminin qarşısında dayanmaq mümkün deyildi.

Müharibə dövründə biz minlərlə erməni əsgər və zabitinin fərariliyinin şahidi olurduq. Lakin Hadrutun strateji əhəmiyyətini dərk etdikləri üçün burada onlar var gücləri ilə müqavimət göstərir, mövqeyi əldən verməmək üçün döyüşürdülər. Hadrut uğrunda gedən döyüşlər 44 günlük Vətən müharibəsinin ən ağır, ən şiddətli döyüşlərindən biri idi. Nəhayət, ermənilər dözməyib geri çəkilərək məğlubiyyətlə barışdılar, yenilməz Azərbaycan ordusu öz canı və qanı bahasına torpağımızı düşməndən azad etdi.

Oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev şanlı Azərbaycan Ordusunun zabit və əsgərlərinin Hadrut əməliyyadında çox böyük igidlik nümayiş etdirdiyini, hərb tariximizə qızıl hərflərlə yazılan möhtəşəm qələbə qazandığını xüsusi vurğulayaraq ermənilərin Hadrutda sarsıdıcı məğlubiyyətə uğradıqlarını, bu döyüşdə onların işğal dövrü üçün sonun başlandığını dərk etdiklərini qeyd edib.

Ölkəmizin rəhbəri ermənilərin Hadruta böyük qüvvə toplamış olsalar da, bizim məhz o istiqamətdən deyil, Füzuli istiqamətindən hücuma keçəcəyimizi düşündüklərini, Hadrutu götürməyin böyük döyüş hazırlığı, hərbi peşəkarlıq tələb edildiyini bildiklərini diqqətə çatdırıb. Ali Baş Komandan qeyd edib ki, Hadrutu işğaldan azad etməklə Azərbaycan ordusu və dövləti gücünü yalnız ermənilərə deyil, bütün dünyaya sübut etdi.

Uzun illərin ayrılığından, həsrətindən sonra yenilməz ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə erməniləri bu torpaqlardan qovdu, ədaləti bərpa etdi, xalqımız öz doğma torpağı olan Xocavəndə, Hadruta qovuşdu.

Ermənistan üçün də Hadrutun əhəmiyyəti böyük idi, və onlar elə düşünürdülər ki, biz oranı heç vaxt azad edə bilmərik. Amma bizim üçün fərqi yoxdur, istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Bizə bütün torpaqlarımız doğma və əzizdir. Rəsmi İrəvan gördü ki, nə qədər ki, bizim torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyib, biz döyüşləri davam etdiəcəyik və etdirdik də.

Hadrutun Azərbaycan ordusu tərəfindən işğaldan azad edildiyini erməni tərəfi hər vasitə ilə öz xalqından və hamıdan gizlətməyə çalışaraq yalan, həqiqətə uyğun olmayan məlumatlar yayırdı. Müzəffət ordumuzun peşəkarlığı ilə biz az itki verməklə qəsəbəni geri qaytara bildik. Artıq biz Hadrutda ölkəmizin bayrağını qaldıranda erməni yalanları ifşa olundu.

Tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxta olan Ermənistanın təbliğatı həmişə yalan üzərində qurulmuşdur. Dünyanın müxtəlif yerlərində yaşayan ermənilər orada belə bir uydurma fikir formalaşdırıblar ki, guya onlar bu ərazilərdə əsrlər boyu yaşayıblar. Lakin sirr deyil ki, onlar Hadruta XIX əsrdə İrandan köçürülüblər. XIX əsrdən əvvəl burada erməni yaşamamışdır. Həmişə olduğu kimi 44 günlük müharibə dövründə də Ermənistanın rəsmi orqanları yalan, həqiqəti əks etdirməyən informasiyalar yaymaqla məşğul idi.

Görüşdə Prezident İlham Əliyev Ermənistanın 30 il ərzində işğal altında saxladığı yaşayış məntəqələrimizin vəhşiliyin qurbanı olduğunu, şəhər və kəndlərimizin xarabalığa çevrildiyini, təbii sərvətlərimiz talanıb, maddi-mədəni abidələrimiz dağıdıldığını diqqətə çatdırıb. Ölkə rəhbəri azad edilmiş bütün ərazilərə, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafdan əsər-əlamətin olmadığını qeyd edib.

“Böyük Ermənistan” xülyası ilə ABŞ, Kanada, Rusiya, Fransa və dünyanın başqa ölkələrində yaşayan ermənilər olduqları yerlərdə fondlar yaradır, Ermənistan dövlətinə, həmçinin torpaqlarımızda yerləşmiş separatçı qüvvələrə daim malliyyə yardımı göstərir, iqtisadi inkişaflarına dəstək olurlar. Həmçinin öz ölkəsini Ermənistan deyil, Hayastan adlandıran ermənilərin Hayastan adlı fondu da var. Bu fondlara yəqin ki, indiyə kimi milyardlarla pul vəsaiti yığılmışdır. Lakin, azad olunan yerlərə baxdıqda o yığılan pulların hara xərcləndiyini görmək mümkün deyil, heç yerdə heç bir inkişaf əlaməti görünmür.

Erməni yalanları bitmək-tükənmək bilmir. Baxmayaraq ki, Azıx mağarasını böyük tədqiqat işləri aparan azərbaycanlı arxeoloqlar aşkarayıblar, işğal dövründə ermənilər sübut etməyə çalışırdılar ki, Azıxda ermənilər yaşayıblar. Ermənilər öz yalanlarını sübut etmək üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək mağaraya külli miqdarda ziyana səbəb olan şou yaratmışlar.

Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə uzun müddət işğal altında olan, bu gün öz həqiqi sahiblərinə qaytarılan Hadrutun yenidən çiçəklənməsi, həyatının öz axarına qayıtması, onun inkişaf etməsi üçün artıq işlərin icrasına başlandığını qeyd edib. Bildirib ki, Hadrutun bərpa edilməsi üçün baş plan hazırlanıb, dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolunun təməli qoyulub. Həmçinin təməli yeni qoyulan “Hadrut” yarımstansiyasının tezliklə tikiləcəyini, bundan başqa Hadrutda məscidin tikintisinə də start verildiyini, eyni zamanda, Hadrutun tarixi hissəsinin də yenidən bərpa olunmasının, burada otellərin və turizm mərkəzlərinin inşasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev məlumat verib ki, Xocəvənd rayonunun və Hadrut qəsəbəsinin bitkiçilik, çox yaxşı ənənələri və inkişafı üçün münbit şəraiti olan üzümçülük, heyvandarlıq istiqamətləri üzrə kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub.

Daha sonra Prezident İlham Əliyev qeyd edib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək Xocavənd rayonu yaradılmışdır və keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşlarının o bölgələrə də qayıdacağı gün uzaqda deyil.

Prezident İlham Əliyev torpaqlarımızı işğal edərək ermənilərin otuz ilə yaxın bir müddətdə burada dağıdıcılıqla məşğul olduqlarını, özləri üçün də heç bir şərait yaratmadıqlarını bildirib. Qeyd edib ki, onlar işğal etdikləri ərazilərdə bütün binaları, tarixi abidələri, evləri dağıdıb yerlə bir etmişlər, bundan sonra da hələ uzun müddət işğalı davam etdirib bu əmməllərini son qoymaq istəmirdilər. Bu məsələ ilə məşğul olanlar da, beynəlxalq ictimaiyyət də ermənilərin bütün bu hərəkətlərinə göz yumurdular.

Azərbaycana qarşı törədilən ekoloji terrordan da danışan Prezident İlham Əliyev bildirib ki, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında, eləcə də Cəbrayıl rayonunda ermənilər meşələrimizi qırıblar, yandırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib.

Prezident çıxışında Hadrutda, ümumilikdə işğal etdikləri bütün ərazilərdə inkişaf proseslərinin getməməsi ermənilərin bu torpaqları özləri üçün doğma torpaq saymadıqlarının isbatı olduğunu bildirərək bu ərazilərin inkişafı üçün topladıqları pulları da mənimsədiklərini diqqətə çatdırıb.

Çıxışında müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin fəaliyyətinin də unudulmayacağını bildirən Prezident İlham Əliyev həkimlər gecə-gündüz yorulmadan, ağır və çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq etdiklərini vurğulayıb. Bildirib ki, müharibədə şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən birinin də məhz həkimlərimiz olduğu danılmazdır. Müharibədə yaralanmış əsgər və zabitlərimiz həkimlərin ilk yardımlarından sonra döyüş meydanından dərhal çıxarılaraq sanitar maşınlarla ən yaxın olan tibb mərkəzinə aparılırdı.

Müharibədə biz ən çətin şəraitdə də olsaq, birliyik nümayiş etdirirdik. Həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına verirdilər. Beləcə tez zamanda yaralılarımızın müalicəsi başlayır və itkilərimiz az olurdu.

Son illər ərzində ölkəmizdə tibb mərkəzlərinin coğrafiyası genişlənib, yeni-yeni səhiyyə ocaqları yaradılmışdır. Səhiyyənin inkişafı ilə bağlı ölkəmizin cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrinə xüsusi diqqət göstərilib, müasir infrastruktur qurulub. Bu da təsadüfi deyil, çünki mənfur düşmən təxribatlarından əl çəkmir, torpaqlarımızın işğalını davam etdirirdi. Bununla da xalqımız heç zaman barışmayıb, barışmadı da.

Xalqımız 44 gün ərzində başda Ali Baş Komandan olmaqla Şanılı Azərbaycan Ordusunun arxasında dayandı, bu birlik ordumuzu zəfərdən zəfərə apararaq böyük qələbəyə çatdırdı. Azərbaycan dövləti və xalqı tarix səlnaməsində öz adını qalib dövlət və qalib xalq kimi yazdıraraq düşməni doğma torpaqlardan qovdu, tarixi ədaləti bərpa etdi.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilmişdir. Müharibə başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərilmişdi. Onlar noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil oldular. Diversiya qrupu tərksilah edildi və həbs olundu. Cinayət törətməmiş hərbçilər geri qaytarıldı, cinayət törətmiş hərbçilər, diversantlar artıq məhkəmə qarşısında cavab verməli oldular. Hətta müharibə başa çatandan, Ermənistan kapitulyasiya aktına imza atandan təxminən 20 gün, iki həftə sonra onlar yenə də Hadruta hücum etməyə çalışdılar. Amma Azərbaycan Silahlı Qüvvələri lazımi addımları atmışdı;

Müharibədə sarsıdıcı məğlubiyyətlə uğrayaraq ordumuz qarşısında əzilən ermənilər təxribatlarından sonrakı dövrdə də əl çəkmədilər. Onların separatçılıq, terrorçuluq fəaliyyəti davam etdi. Erməniləri kapitulyasiya aktı imzalanandan təxminən 20 gün, iki həftə sonra yenə də Hadruta hücum etməyə çalışmaları bunun isbatıdır. Onlar yenə də mübariz Azərbaycan Ordusu ilə qarşılaşdılar və aciz vəziyyətdə tərksilah edilərək həbs olundular. Ədalətli xalqımızın ədalətli dövlətinin qərarlarına əsasən onlardan cinayət törətməyənləri ölkələrinə geri göndərildilər. Cinayət törətmiş hərbçilər, diversantlar isə artıq məhkəmə qarşısında cavab verməli oldular.

Torpaqlarımızın işğal altında olması bizi ordumuzu daim təkmilləşdirməyə, yeni-yeni hücum və müdafiə sistemləri almağımıza vadar edirdi. Ermənilərin davam edən təxribatları, dinc yolla torpaqlarımızdan çıxmamaları bizi müharibəyə sövq edirdi. Beləcə bizdə müharibəyə hazırlıq sistemli xarakter almışdı. Ölkəmidə aparılmış ciddi islahatlarla iqtisadiyyatımız güclənmiş, beynəlxalq səviyyədə yüksək tərəfdaşlıq münasibətləri qurulmuş, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə düzgün çatdırılmış, gənclərimiz vətənpərvərlik, düşmənə nifrət hissi ilə yetişdirilmişdi. Bu hazırlıqlar nəticəsində bütün dünya bizim bu davada haqlı olduğumuzu bilib düzgün mövqedə durdu və biz cəmi 44 günə belə möhtəşəm Qələbəyə qazana bildik. Bu gün bütün azərbaycanlılar haqlı olaraq qalib xalqımız, güclü dövlətimiz və müzəffər ordumuzla fəxr edir.

Mənfur düşmən torpaqlarımızı işğal etməklə soydaşımızı öz dədə-baba yurdlarından çıxarmış və onları məcburi köçkün həyatı yaşamağa məcbur buraxmışdı. O ağır illərin ağır sınaqları ilə qarşı-qarşıya qalan bu insanlar respublikamızın şəhər və rayonlarında məskunlaşmış, çətin şəraitdə yaşamağa məcbur olmuşdular. Məcburi köçkünlərin mənzil-məişət şəaritinin yaxşılaşdırılması daim dövlətimizin diqqət mərkəzində olmuşdur. Müstəqil ölkəmiz inkişaf etdikcə, iqtisadiyyatımız gücləndikcə onlara göstərilən dövlət qayğısı da artmış, şəraitləri yaxşılaşmışdır. 2003-cü ildən başlayaraq məcburi köçkünlərlə Prezident İlham Əliyevin davamlı görüşləri təşkil olunnmuş, onların problemlərinin həlli ilə bağlı ciddi işlər aparılmışdır. Ötən illər ərzində onlar üçün 100-dən çox şəhərcik inşa edilmişdir. Ancaq insan nə qədər yaşı şəraitdə yaşasa da, öz doğma el-obası insana hər yerdən şirindir, əzizdir. Dövlətimizin də hər zaman əsas məqsədi məcburi köçkünlərin öz doğulub boya-başa çatdıqları yerlərə qayıtmasını təmin etmək, mənfur düşmən üzərində qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq olmuşdur. Azərbaycan dövləti, Azərbaycan xalqı bu vəzifəyə nail oldu, bununla da məcburi köçkünlərin mənəvi əzablarına və onların iztirablarına da son qoyuldu. Artıq keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş torpaqlarımızda öz evlərinə dönməyə hazırlaşırlar.

Azərbaycan xalqı yetişdirdiyi qəhrəman oğulları, qüdrətli və güclü ordusu ilə işğal faktını aradan qaldırdı, tarixi ədaləti bərpa etdi. Yaşasın qalib Azərbaycan xalqı, yaşasın müzəffər Ali Baş Komandan. Allah şəhidlərimizə rəhmət eləsin!

Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Abdullayeva Səməngül Tacəddin qızı