Şəhid məzunumuz Orxan Nəbiyevin şəhadətə yüksəlməsindən bir il ötür.
Oktyabrın 14-ü Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının rəhbərliyi şəhid məzun Orxan Nəbiyevin ailəsini və məzarını ziyarət etdi. Qürur və kədər hislərinin bir arada yaşandığı ziyarətdə “Qorxmaz leytenant”ın Vətən müharibəsində göstərdiyi şücaətdən danışıldı, ruhuna dualar oxundu, ehtiram hissi ifadə olundu.
Qeyd edək ki, Orxan Nəbiyev 1995-ci il yanvarın 20-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 2001-2012-ci illərdə Qurdtəpə kənd orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasına daxil olub və 2016-cı ildə həmin filialı bitirib.
Orxan Nəbiyev təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Orxanın ən böyük arzusu hərbiçi olmaq idi. Odur ki, o, 2017-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin üç aylıq kursunu bitirərək leytenant kimi xidmətə başlayır.
Orxan Nəbiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərə qatılır və dörd əsgəri ilə birgə “Teleqüllə” adlandırılan ərazini işğaldan azad edir. Döyüşlər zamanı 100-dək erməni hərbçisini öldürən, qardaşı ilə bərabər onlarla silah yoldaşını ölümdən xilas edən, silah yoldaşları tərəfindən “Qorxmaz Leytenant” ləqəbini qazanan Orxan oktyabrın 14-ü Suqovuşanda gedən döyüşlərdə şəhadətə qovuşur. Orxan Nəbiyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqləndiyinə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Subay idi.
Vətənin toxunulmazlığı, onun azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!

