Böyük qələbəmizin unudulmaz tarixi

Müharibədən ötən bir il ərzində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir.

Prezident İlham Əliyevin Suqovuşan və Talış kəndlərinə səfərinin ardınca “Böyük qayıdış”ımızın başlanğıcı olan Cəbrayıla səfəri və bu ərazilərdə istifadəyə verilən infrastruktur obyektləri bunu bir daha təsdiqlədi. Vaxtilə ermənilərin təxribatçı məqsədlər üçün yol çəkdiyi Cəbrayılda bu torpaqların öz sahibləri yol çəkir, yeni və müasir infrastruktur qurur. Beş il əvvəl aprel döyüşləri zamanı Cocuq Mərcanlı ilə başlayan “Böyük qayıdış” uğurla reallaşmaqdadır. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Bir il əvvəl 44 gün davam edən savaşda ilk uğurumuzun da başlanğıcı Cəbrayıldan başlamışdı. Cəbrayıldan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bu gün “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması ilə bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün yeni mərhələ başlayır.

Biz xarici investorların prosesə cəlb olunmasını görürük. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb. Türkiyə şirkətləri isə Zəngilanda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıb. Bu, onu deməyə əsas verir ki, Azərbaycan regionu investorlar üçün maraqlı bölgəyə çevirməkdədir. Hər yeni investisiya sosial-iqtisadi inkişaf deməkdir. Bu isə keçmiş məcburi köçkünlərimizin geri qayıtması və onların rifahının yaxşılaşmasına hesablanıb.

İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir.

Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir.

Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular. – Ötən bir il ərzində görülmüş işlər Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur.

Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var.

Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.

Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir.

Azərbaycan xalqı Vətən müharibəsində qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır. Azərbaycan imkan verməyəcək ki, Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın.

Heç kim Azərbaycanın daxili işinə qarışa bilməz. Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan bütün təxribatlara üstün gələcək. Azərbaycan imkan verməz ki, kimsə əsassız iftira uydursun. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq.

Azərbaycan əməkdaşlığa açıq ölkədir. Ölkəmiz bütün qonşu dövlətlərə əməkdaşlıq platformasını təqdim edib. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərib. Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır və bölgədə sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Ermənistan da bu formata qoşulacaq, çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də Azərbaycan dəstəkləyir. Artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. İki ölkə arasında danışıqların gündəliyi artıq müzakirə olunur. Bəziləri bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Sərhədlərin delimitasiyası həyata keçirilsin.

Ermənistanla Azərbaycan arasındakı ədavət əbədi olmamalıdır. Regionda yeni dövr başlayır. Bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.

Son 200 ildə Azərbaycan ilk dəfə torpaq itirmədi, itirilmiş torpaqlarını bərpa etdi. Bunu yalnız müzəffər Ali Baş Komandanımız İlham Əliyev edə bilərdi. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Cənab Prezidentimiz isə bu uzaqgörən və müdrik siyasəti davam etdirdi və Azərbaycanı xoş günlərə gətirib çıxardı.

Ulu Öndər Heydər Əliyev xalqımızın ilk xilaskarı idi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Azərbaycana gəldi və dağılan, parçalanan, dünyanın gözü götürməyən Azərbaycanı yenidən qurdu, müasir müstəqil Azərbaycan dövlətinin banisi oldu.Əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Biz o vaxt itirilmiş torpaqları nəinki bərpa edə bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Çünki bu təməli Ulu Öndər qoydu – ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına Heydər Əliyev istiqamətləndirmişdi.

Əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Sadəcə olaraq, Azərbaycan xalqı müdriklik göstərib, 2003-cü ildə və ondan sonrakı illərdə onun siyasətinə səs verib. Bütün təzyiqlərə, hədə-qorxulara, təhqirlərə, yalanlara, uydurmalara baxmayaraq, Azərbaycan xalqı bu yoldan dönmədi.

Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yara­dırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir za­man barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcək. 2020-ci il noyabrın 10-da dövlətimizin başçısının Ali Baş Ko­mandanlığı altında ordumuz tarixi qələbə qazandı. Mənfur düşmən isə torpaqlarımızdan qovuldu. Beləliklə, insan qanına susayan erməni vandalları layiq olduqları cəzanı aldılar!

Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi, HİK-in sədri Çingiz Dadaşov.