ADPU-nun Şamaxı filialında 26 iyun Silahlı Qüvvələr Günü qeyd olundu.
İyunun 25-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında açıq hava şəraitində tədbir keçirildi. Tədbirdə filialın professor-müəllim və tələbələri iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova əlamətdar gün münasibətilə filialın bütün kollektivini təbrik etdi. Qeyd edildi ki, sovetlər dövründə hərbi xidmətə çağırılan azərbaycanlı gənclərin hərb elminə dərindən yiyələnə bilməmələri üçün onlarin yalnız tikinti və ya hərbdən kənar digər işlərdə çalışmalarına şərait yaradılırdı. Bu siyasətin əsl mahiyyətini yaxşı başa düşən Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə hərb sahəsində milli kadrların yetişdirilməsinə xüsusi diqqət ayırdı.1993-cü ildəÜmummilli lider Heydər Əliyevin II dəfəAzərbaycanda rəhbərliyə gəlməsi ilə ordu quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qafqazda ən müasir ordu hesab olunur. Təbii ki, bunun bariz nümunəsi məhz 44 günlük Zəfər Yürüşüdür. Ordumuzun öz gücünü nəinki mənfur düşmənə, həm də bütün dünyaya sübut etdiyiVətən müharibəsində ADPU-nun Şamaxı filialının məzunları da ön sıralarda bu şanlı tarixə imza atdılar. Onların arasından Elgün Əzizov və Orxan Nəbiyev şəhidlik zirvəsinə yüksəldilər. Həmçinin onlarla məzunumuz düşmənə qarşı rəşadətlə vuruşaraq Cənab Prezident tərəfindən medallarla təltif olundular.
Sonra Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov,Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədov, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d. Eyvaz Eminalıyev, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov çıxış etdərək bu gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər və ordu quruculuğunun əhəmiyyətindən danışdılar.
Tələbələr adından Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasınını I tədris ili tələbəsi Nadir Məmmədov və III tədris ili tələbəsi Narınc Cəbrayılova şeir töhfələri ilə tədbir iştirakçılarını təbrik etdilər.

