“Nizami Gəncəvi yaradıcılığında kosmopoloji modellər“ mövzusunda elmi-praktik konfrans

2021-ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında tədbirlər planı təsdiq olunmuş və filialda silsilə tədbirlərin keçirilməsi davam edir. Belə tədbirlərdən biri də 19 mayda ADPU-nun Şamaxı filialının və AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə birgə təşkil etdiyi (TEAMS platforması üzərindən) “Nizami gəncəvi əsərlərində kosmoloji modellər” adlı elmi praktik konfrans oldu.

Tədbirdə filialın professor-müəllim heyəti, tələbələri və AMEA-nın N.Tusi adına Şamaxı  Astrofizika  Rəsədxanasının əməkdaşları iştirak  edirdilər.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dos.Tünzalə Yusifova qeyd etdi ki, Ümummilli  Lider Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümüdlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi” ili, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başcısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir. Qeyd olundu ki, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüşdür.

Sonra AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı  elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dos.Nazim Hüseynov “Nizami Gəncəvinin əsərlərində müasir kosmoloji modellər” mövzusunda çıxış etdi. Məruzə bəşər övladını daima düşündürən aktual bir məsələyə, Kainatın yaranması haqqında Nizaminin əsərlərində irəli sürülən fikir və ideyaların təhlilinə həsr olunmuşdur.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının  şöbə müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Ədalət Ətai “Günəş sisteminin planetləri” mövzusunda çıxışında Günəş sistemi planetlərinin öyrənilməsinin nə üçün lazım olduğundan və AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında son illərdə planetlərin tədqiqi sahəsində alınmış yeni nəticələrdən danışdı.

Filialın Riyaziyyat və kompüter elmləri” kafedrasının baş müəllimi Çingiz Dadaşov “Nizami Gəncəvi əsərlərində elm və təhsil” mövzusunda çıxış edərək “Xəmsə”dən götürülmüş  dəyərli nümunələri tədbir iştirakçılarının diqqətinə çatdırdı.