Bütün dünyanı heyrətləndirən “Xarıbülbül” festivalı zəfər çələngi kimi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.
30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Biz bu günü bizim qəhrəman hərbiçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq”.
Bu ildən başlayaraq hər il, ”Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq. Eyni zamanda Prezident İlham Əliyev “Şuşa Azərbaycan xalqının milli sərvətidir” deyərək Şuşanın mədəniyyət paytaxtı elan etdi.

Bəli, Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.
30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.

Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir. Yeni dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki,biz hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik.

44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşdülər. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multukulturalizm ənənələrinin qorunmasına cənab Prezident xüsusi diqqət ayırmışdır.

Məlumdur ki, Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Bu mühüm amili nəzərə alaraq Azərbaycan Prezidentinin tövsiyyəsi ilə keçirilən bu ilki “Xarıbülbül” festivalı həm də Azərbaycan multukulturalizm ənənələrinin simvoluna çevrildi. Prezident İlham Əliyevin dediyi kimi, Vətən müharibəsi bir də onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.
Bu , bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi.
44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü, xüsusən alınmaz qala hesab olunan Şuşanın azad olunması bir qəhrəmanlıq dastanıdır.
“Xarıbülbül” festivalında gənc muğam ifaçısı tərəfindən “Bayatı Şiraz” muğamı üstündə Abbas Səhhətin “Vətən” şeiri ifa olunmuşdur. Bu parça illər əvvəl “Qarabağ bülbülləri” ansamblı tərəfindən ifa edilmiş və işğal illərində azərbaycanlılar üçün xüsusi rəmzi əhəmiyyətə malik olmuşdur.
Həmin ifa Şuşaya Azərbaycan ruhunun, Azərbaycan mədəniyyətinin böyük qayıdışının prelüdü də sayıla bilər.Cənab Prezident fəxrlə qeyd etdi ki,bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.
Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar.
Bu qayıdışın digər simvolik başlanğıcı Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır.

İndi işğaldan azad olunmuş ərazilərimizdə azan səsləri ucalır.Artıq məscidlərdə bayram namazı qılınır.

Azərbaycan Respublikasının Prezidenti qürurla xalqa müraciət etdi:”Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu.Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natavan” bulağından bu gün su gəldi.Bütün bunlar böyük rəmzi məna daşıyır.Bax, bizim qayıdışımız budur.
Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”
Bəli, cənab Prezidentimizin dediyi kimi, biz qayıtdıq. Azərbaycan xalqı öz Prezidentinə inanır, onun həm daxili, həm də xarici siyasətini ürəkdən bəyənir. Xalq öz Prezidenti ilə yeni qələbələrə doğru irəliləyir.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Sevinc Baxşiyeva