QƏLƏBƏYƏ GEDƏN YOL
ADPU-nun Şamaxı filialında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 və Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş tədbirlərin davamı olaraq “Qələbəyə gedən yol” mövzusunda onlayn elmi-praktik konfrans keçirildi. Tədbirdə ADPU-nun professor-müəllim heyəti, tələbələri və eləcə də dəvət olunmuş qonaqları- Şamaxı rayon icra Hakimiyyəti başçısının müavini Mehriban xanım Eyubova, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, Dövlət mükafatı laureatı, tarix elmləri doktoru, prof.Tofiq Mustafazadə, Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin dekanı, tarix elmləri doktoru prof.Adil Baxşəliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filiologiya elmləri doktoru, professor İsmayıl Məmmədov iştirak edirdilər.
Tədbirin 9 may Qələbə Günü ərəfəsində keçirilməsi və 8 may tarixinə salınmasının simvolik məna daşıdığını qeyd edən filialın direktoru, dosent Tünzalə Yusifova bildirdi ki, bu il də Azərbaycan xalqı Şuşanın işğal tarixini deyil, tarixi zəfərini qeyd etməsini məhz cənab Ali Baş Komandan İlham Əliyevə borcludur. Qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edən T.Yusifova qeyd etdi ki, tarix boyu Azərbaycan xalqı heç zaman başqa dövlərlərin və xalqların torpaqlarına göz dikməmiş, nahaq qanlar tökməmiş, tarixdə sülhsevər xalq imici qazanmışdır. 1941-1945-ci illərdə İkinci dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında da Azərbaycan xalqının böyük töhfəsi və rolu olmuşdur. Qələbə ruhlu Azərbaycan xalqı 30 ildən artıq bir müddətdə erməni faşizminin tapdağı altında qalmış torpaqlarımızı azad edərək, bu mübarizədən də üzüağ çıxdı. Bu gün qələbə sözü bütün dünyada Azərbaycan xalqının adı ilə yanaşı gəlir.
Mehriban xanım Eyubova elmi-praktik konfransın əlamətdar günlər ərəfəsində qeyd olunmasının təqdiqəlayiq hal olduğunu vurğuladı. O, qeyd etdi ki, 8 may Qarabağ gözəli Şuşamızın işğal tarixidir, hansı ki, biz bu tarixi artıq zəfər günləri ilə əvəz etdik. Həm də 9 May faşizm üzərində Qələbə Günüdür.
Sonra tədbirdə iştirak edən prof. Tofiq Mustafazadə “Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır”, prof.Adil Baxşəliyev “Qələbəmiz Azərbaycan xalqının milli birliyinin təntənəsidir”, prof.İsmayıl Məmmədov Düşmən üzərində qələbə Azərbaycan xalqının müzəffər Ali Baş komandanı İlham Əliyevin Azərbaycan xalqına tarixi töhfəsidir”, filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dos.Mayıl Alıcanov “Qələbəyə gedən yol” mövzularında çıxış edərək tədbir iştirakçılarına tarıxı hadisələrlə bağlı geniş məlumat verdilər.
Filialın Tələbə Elmi Cəmiyyətinin fəal üzvü, Tarix və coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbəsi Osmanlı Ayşən “Qələbə ruhlu xalqım” mövzusunda təqdimatla, TGT nəzdində “Cinema klub”un sədri, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ili tələbəsi Narınc Cəbrayılova isə şair Elxan Yurdoğlunun “Zəfər himni” şeiri ilə rəşadətli Azərbaycan ordusuna öz hörmət və ehtiramlarını bildirdilər.








