19 yanvar ADPU-nun Şamaxı filialında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “20 Yanvar qəhrəmanlıq və qürur günüdür” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.
İlk olaraq Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək tədbiri açıq elan edib. O qeyd edib ki, 20 yanvar xalqımızın tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, bu gün həm də bizim tariximizdə qürur və qəhrəmanlıq günüdür.
Sonra 20 Yanvar gününün tarixi faktlarını əks etdirən videoçarx nümayiş olunub.
Ardınca çıxışlar dinlənilib. İlk olaraq Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov “Qanlı 20 Yanvar- müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi mövzusunda məruzə ilə çıxış edərək qanlı faciənin tarixindən ətraflı bəhs edib.
Daha sonra Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi  Türkan Hüseynova “20 Yanvar hadisələrinin bədii ədəbiyyatda işıqlandırılması” , Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Nərmanov Rasim “ 20 Yanvar faciəsinin mətbuatda işıqlandırılması”,Tarix və coğrafiya müəllimliyi ixtisasının I tədris ili tələbəsi Ramilə İbrahimova “Qanlı faciənin acı nəticələri” , İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsi Ayturan Məmmədli “Tariximizin unudulmaz səhifələri, Məktəbəqədər təlim və tərbiyə ixtisasının III tədris ili tələbəsi Firəngiz Səmiyeva Tarixi hadisələrə lider baxışı  mövzusunda çıxış ediblər.                                                                                                                                                                                                                                                                         Son olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Narınc Cəbrayılovanın ifasında Ramiz Bahaduroğlunun “Qarabağ, gözün aydın, biz qayıtmışıq!” və Məktəbəqədər təlim və tərbiyə ixtisasının III tədris ili tələbəsi Cəbiyeva Gülnarın ifasında Elvin Elxanoğlunun “Qanlı Yanvar” şeirinin səsləndirilməsi ilə tədbir başa çatıb.
Onu da qeyd edək ki, Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə filialda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım guşəsi yaradılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Paylaşın: