Ələt Azad İqtisadi Zonasının yaradılması yeni iş yerlərinin açılması və ölkəmizin iqtisadi inkişafına xidmət edəcək.

Ölkəmizin gələcək inkişafını dəstəkləyən ən böyük layihələrdən biri də Ələt Azad İqtisadi Zonasının yaradılmasıdır. Bu layihənin icrası ilə ölkəmizdə həm yeni işyerlərinin yaradılması, həm də iqtisadiyyatın davamlı inkişafının təmin olunması nəzərdə tutulmuşdur.

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Mərasim zamanı İqtisadi Zonanın texniki göstəriciləri və ixracyönümlü potensialı haqqında dövlət başçısına məlumat verilərək bildirilib ki, ümumi sahəsi 850 hektar olan zonanın 60 hektarında artıq layihələndirmə başa çatıb, inşaat işlərinə başlanılıb. Ələt Azad İqtisadi Zonasının yaradılmasının əsas məqsədinin qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək olduğu qeyd olunub. Bundan başqa, innovativ texnologiyalardan istifadə edərək fəaliyyət göstərən investorları cəlb etməklə ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafını təmin etmək və xeyli yeni iş yerlərinin yaradılmasının da əsas hədəflər olduğu vurğulanıb.

Son dövrlər ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi, respublikamızın ixrac potensialının yüksəldilməsi, xarici investisiyanın cəlb olunması sahəsində mühüm addımlar atılıb və bu proseslər davam etməkdədir. Ələt Azad İqtisadi Zonasının yaradılması özü də bunun bariz nümunəsidir. Danılmaz faktdır ki, bu layihənin icra olunması regionda Azərbaycanın mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizlərində ölkəmizin strateji əhəmiyyətinin artmasına gətirib çıxaracaqdır. Eyni zamanda bu layihənin icrası ölkə büdcəsinə daxil olan vəsaitlərin artmasına, yeni investisiyaların cəlb olunmasına da şərait yaradacaq.

Prezident cənab İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibə verərək Ələt Azad İqtisadi Zonasının yaradılmasının əhəmiyyətindən danışıb, bu zonanın yaradılmasına ilk növbədə qeyri-neft sektorunda görülən işlərin təkan verdiyini vurğulayıb. Burada yaradılacaq infrastrukturun xarici investorları da cəlb edəcəyini, ölkəmizə yeni texnologiyaların tətbiq ediləcəyini, yeni iş yerləri yaranacağını və Azərbaycan vətəndaşlarının həmin iş yerlərində yüksək əmək haqqı alaraq çalışacaqlarını qeyd edib.

Dövlət başçısı bildirib ki, bu günə qədər Ələt Azad İqtisadi Zonasının yaradılması üçün bir sıra addımlar atıldığını qeyd edib. Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq sərəncam imzalayıb, 2018-ci ildə həm dövlət maraqlarımızı, həm də xarici investorların maraqlarını qoruyan olduqca mütərəqqi qanun qəbul edilib. Ölkə başçısı həmin qanunun əhəmiyyətini qeyd edərək vurğuladı ki, əgər investorlar üçün hər hansı məsələdə qeyri-müəyyənlik olsaydı, onları bu işə cəlb etmək mümkün olmazdı. Nəzərə almalıyıq ki, coğrafi mövqeyinə görə Azərbaycan açıq dənizə birbaşa çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaların yaradılması çox çətindir. Eyni zamanda nəzərə almalıyıq ki, son illərdə bütün dünyada investisiya sahəsində azalmalar baş verir. Buna səbəb kimi pandemiyanı, iqtisadi və maliyyə sahəsindəki böhranı göstərmək olar. Prezident azad iqtisadi zonanın yaradılması haqqında qanunvericilik sahəsində görülən işlərin həm Azərbaycan dövlətinin, həm də investorların maraqlarını təmin etdiyini bir daha qeyd edib. 2018-ci ildən artıq bu sahədə praktiki işlərə başlanıldığını, 850 hektar ərazi ayrıldığını, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start veridiyini, işçi qrupun yaradıldığını və işlərin praktik müstəviyə keçdiyini diqqətə çatdırıb.

Azad iqtisadi zonanın məhz Ələtdə yaradılması məsələsinə gəldikdə isə cənab İlham Əliyev ilk növbədə Ələt qəsəbəsinin ərazisində kənd təsərrüfatı üçün yararsız olan kifayət qədər boş torpaq sahələrinin olması, eyni zamanda qəsəbənin Bakı şəhərinə yaxın yerləşməsi, Səngəçalda 300 meqavat gücündə elektrik stansiyasının fəaliyyət göstərməsinin isə qoyulan xərclərin nisbətən az olmasına şərait yaradacağını, dəniz limanının da burada olmasının xüsusi əhəmiyyətə malik olduğunu, Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq dəhlizlərin də bu ərazidən keçməsinin əsas şərtlərdən olduğunu qeyd edib. Bu səbəblərdən də logistika, nəqliyyat baxımından buranın əlverişli olmasını bildirib. Ələt Azad İqtisadi Zonası nəzərdə tutulduğu kimi formalaşsa, bu bölgənin inkişafı ümumi inkişafımıza da müsbət təsir göstərəcək. İnvestorları bu layihəyə cəlb etmək üçün Azərbaycanda bütün ilkin şərtlər mövcuddur. Buranın dəniz limanında yerləşməsi, ərazinin kifayət qədər böyük olması və s.

Prezident cənab İlham Əliyev Azərbaycanda çox böyük sərmayə iqliminin olduğunu vurğulayıb. Dünya Bankının “Doinq Business” hesabatında ölkəmizin 190 ölkə arasında 28-ci yerə layiq görüldüyünü qeyd edərək potensial investorların bu hesabata və Davos İqtisadi Forumunun reytinq cədvəlinə baxırdıqlarını bildirib.

Dövlət başçısı son illərdə Azərbaycanda çox güclü kadr potensialının yaradıldığını da qeyd edib və bildirib ki, bu da investorları cəlb edəcək məsələdir. O, minlərlə azərbaycanlı gəncin dövlət xətti ilə dünyanın aparıcı ali təhsil müəssisələrində oxuduğunu, onların əksəriyyətinin təhsilini başa vurduqdan sonra vətənimizə qayıdaraq müxtəlif yerlərdə işlədiklərini söyləyib.

İnvestorları ölkəmizə cəlb edəcək başqa bir böyük amilin Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri olması olduğunu bildirən Prezident cənab İlham Əliyev investorların bu amilə də çox əhəmiyyət verdiklərini qeyd edib. Əlbəttə ki, sərmayə qoymanın birinci şərti ictimai-siyasi sabitlikdir, və bizim ölkəmizdə xalq-iqtidar birliyi ən yüksək səviyyədədir.

Prezident cənab İlham Əliyev əsas amillərdən birinin də verilən sözlərin əməllərimizdə əks olunmasının olduğunu qeyd edərək, 1994-cü ildə “Əsrin müqaviələsi” ilə imzalanmış kontraktlarda bir vergülün belə dəyişdirilmədiyini diqqətə çatdırıb. Bunun əksini müşahidə etdiyimiz ölkələrin də olduğunu və belə ölkələrin investorlar üçün arzuolunmaz olduğunu deyib. Prezident cənab İlham Əliyev bütün bu müsbət amillərin və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazanılan Şanlı Qələbəmiz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə uzunmüddətli sabitlik, sülhün bərqərar olduğunu vurğulayıb. Bütün bu amillərin mövcudluğu və gələcəyə olan inamın xarici investorları bu zonaya cəlb edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti çıxışına davam edərək bildirib ki, işğaldan azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Xarici investisiyalar olmadan dövlətimiz inkişaf edə bilməz. Ona görə də, hökumətlərarası komissiyaların ilk növbədə işi Azərbaycana vəsait gətirməkdir. Məhz bu zona xarici sərmayədarlar üçün cəlbedici ola bilər. Prezident əminliklə qeyd edib ki, bir ildən sonra, gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq, çünki bu günə kimi elə bir layihə, elə bir təşəbbüs olmayıb ki, reallığa çevrilməsin. Prezident Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycanın uğurunun növbəti addımı olacağını əminliklə qeyd edib.

Ələt Azad İqtisadi Zonası Şərqlə Qərbi birləşdirən çox böyük iqtisadi baza olmaqla həm ölkəmizin iqtisadi gücünü artıracaq, həm də əhalimizin rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Səməngül Abdullayeva

 

Paylaşın: