Müəllif: Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova
2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxışı iki qardaş ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini bir daha təsdiqlədi. Görüş zamanı imzalanan sənədlər, aparılan müzakirələr və dövlət başçılarının qarşılıqlı bəyanatları Azərbaycan–Qazaxıstan münasibətlərinin regional əməkdaşlıq çərçivəsini aşaraq qlobal miqyasda nümunəvi müttəfiqlik modelinə çevrildiyini göstərdi.
Prezident İlham Əliyev çıxışında Qazaxıstanın Prezident Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşadığını qeyd etdi. O bildirdi ki, ölkədə həyata keçirilən iqtisadi və sosial islahatlar, müasir texnologiyaların, o cümlədən süni intellektin tətbiqi Qazaxıstanı regionda sabitlik və tərəqqi mərkəzinə çevirib. Azərbaycan Prezidenti bu inkişafı yüksək qiymətləndirərək Qazaxıstanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini vurğuladı.
İlham Əliyevin bəyanatında iki xalqı birləşdirən tarixi dostluq və qardaşlıq əlaqələrinin dərin köklərə söykəndiyi xüsusilə qeyd olundu. O xatırlatdı ki, Azərbaycanın ən çətin illərində – torpaqlarımızın işğalı dövründə Qazaxıstan daim prinsipial mövqe nümayiş etdirib və ölkəmizin suverenliyi ilə ərazi bütövlüyünü dəstəkləyib. Bu münasibət yalnız diplomatik səviyyədə deyil, həm də xalqların bir-birinə mənəvi yaxınlığı və qarşılıqlı hörməti üzərində qurulub.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra Qazaxıstanın bu prosesə göstərdiyi siyasi dəstəyi də xüsusi qeyd etdi. Onun sözlərinə görə, Qazaxıstan bu mühüm hadisəyə münasibət bildirən ilk ölkələrdən biri olub. Bu, bölgədə sülhün bərqərar olmasına inamın göstəricisidir. Dövlət başçısı, həmçinin qeyd etdi ki, Azərbaycanın Ermənistanla münasibətlərdə atdığı praktiki addımlar – məsələn, Qazaxıstanın Ermənistana taxıl tranzitinə icazə verilməsi – regionda real əməkdaşlıq mühitinin formalaşdığını nümayiş etdirir.
İlham Əliyevin nitqində humanitar və mədəni əlaqələrin möhkəmlənməsi məsələsinə də geniş yer ayrıldı. O, Füzuli şəhərində Qazaxıstanın təşəbbüsü ilə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin iki xalq arasındakı qardaşlığın bariz simvolu olduğunu vurğuladı. Qazaxıstanın Qarabağın bərpasına verdiyi bu töhfə Azərbaycanın dərin minnətdarlığı ilə qarşılanıb və gələcəkdə humanitar əməkdaşlığın daha da genişlənməsi üçün mühüm əsas yaradıb.
İqtisadi əlaqələrin inkişafı da görüşün əsas istiqamətlərindən biri oldu. Dövlət başçıları Hökumətlərarası Komissiyanın fəaliyyəti, ticarət dövriyyəsinin artması və Birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı əldə edilən nəticələri yüksək qiymətləndirdilər. Prezident İlham Əliyev qeyd etdi ki, artıq fond çərçivəsində bir neçə konkret layihənin icrasına başlanılıb və bu, iki ölkənin iqtisadi əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə çıxarır. Enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən layihələr Azərbaycan və Qazaxıstanı Avrasiya məkanında mühüm iqtisadi mərkəzlərə çevirəcək.
Prezidentin bəyanatında Zəngəzur dəhlizinin reallaşması məsələsi də xüsusi yer aldı. O bildirdi ki, bu layihə 2028-ci ilə qədər tam istifadəyə veriləcək və Asiya ilə Avropanı birləşdirən yeni strateji nəqliyyat marşrutu kimi regionun iqtisadi inteqrasiyasına mühüm töhfə verəcək. Bununla yanaşı, TRIPP layihəsinin icrası Orta Dəhlizin inkişafına və yeni logistika marşrutlarının formalaşmasına imkan yaradacaq.
Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyir. Prezident İlham Əliyev qeyd etdi ki, hər iki ölkə BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda eyni mövqedən çıxış edir. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti bu əməkdaşlığın növbəti təzahürü olacaq.
Astanada keçirilən görüş və səslənən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri təkcə diplomatik və iqtisadi maraqlara deyil, eyni zamanda mənəvi yaxınlığa, qarşılıqlı etimada və ortaq tarixi dəyərlərə söykənir. Hər iki ölkə regional sabitlik, sülh və rifah naminə səylərini birləşdirir, xalqlarının gələcəyinə yönəlmiş strateji müttəfiqlik kursunu ardıcıl və qətiyyətlə davam etdirir.

