Müəllif: Riyaziyyat və komputer elmləri kafedrasının müəllimi
Dürdanə Heydərova
3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin çıxışı ölkəmizdə elmin, texnologiyanın və milli intellektual potensialın inkişafına dair əhatəli baxışı ilə yadda qaldı. Dövlət başçısı həm tarixə ekskurs edərək, Azərbaycan elminin keçdiyi böyük inkişaf yolunu qiymətləndirdi, həm də gələcək üçün strateji istiqamətləri müəyyənləşdirdi.
Prezident qeyd etdi ki, Akademiya 80 il ərzində böyük yol keçmiş, müxtəlif ictimai-siyasi dövrlərdə Azərbaycanın elmi həyatında aparıcı rol oynamışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə AMEA-nın fəaliyyətinin təkmilləşməsi, yeni elmi-tədqiqat institutlarının yaradılması və elmə ayrılan vəsaitlərin artırılması ölkəmizdə elmi mühitin inkişafına güclü təkan vermişdir. Bu siyasətin bu gün də uğurla davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan elminin müasir mərhələdə qarşısında dayanan əsas məqsəd texnoloji inkişafa, süni intellektin və rəqəmsallaşmanın tətbiqinə əsaslanmalıdır.
Prezident xüsusilə vurğuladı ki, süni intellekt və kibertəhlükəsizlik sahələrində Azərbaycan geri qalmamalı, bu istiqamətlərdə elmi araşdırmalar və innovativ layihələr genişləndirilməlidir. Bu məqsədlə alimlərin dövlət qurumları ilə sıx əməkdaşlığı vacib hesab edildi. Dövlət başçısı bildirdi ki, elmi nailiyyətlər yalnız nəzəri əsərlərdə deyil, praktik nəticələrdə – iqtisadiyyat, hərbi sənaye və enerji sektorunda da öz əksini tapmalıdır.
Prezident İlham Əliyev çıxışında müstəqil Azərbaycanın son onillikdə qazandığı uğurları da elmin inkişafı kontekstində dəyərləndirdi. 44 günlük Vətən müharibəsində əldə edilən Şanlı Zəfərin hər bir mərhələsinin elmi və texnoloji baxımdan öyrənilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, müharibədə pilotsuz uçuş aparatlarının tətbiqi müasir hərbi elmin yeni səhifəsini açmışdır və bu istiqamətdə Azərbaycan alimlərinin fəaliyyəti genişlənməlidir.
Dövlət başçısı həmçinin bərpaolunan enerji, rəqəmsallaşma, geoloji kəşfiyyat və hərbi sənaye sahələrində aparılan işlərin elmi əsaslarla inkişaf etdirilməsini zəruri saydı. O, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin yeni tədqiqat imkanları açdığını, bu bölgələrin təbii resurslarının elmi üsullarla öyrənilməsinin ölkənin gələcək iqtisadi gücünə böyük töhfə verəcəyini qeyd etdi.
Prezident İlham Əliyev çıxışında yalnız elmin texnoloji tərəflərini deyil, milli-mənəvi dəyərləri də ön plana çəkdi. O bildirdi ki, Azərbaycan tarixi uzun illər ərzində təhrif olunmuş, erməni təbliğatı ilə saxtalaşdırılmışdır. Buna görə Azərbaycan alimləri qarşısında milli tarixi obyektiv tədqiq və təbliğ etmək kimi vacib vəzifə dayanır. Tarixi xəritələrin, tədqiqat əsərlərinin və təqdimatların hazırlanması bu istiqamətdə mühüm addım olacaqdır.
Prezident Azərbaycan dilinin qorunması məsələsinə də xüsusi diqqət çəkdi. O qeyd etdi ki, Azərbaycan dili 50 milyondan çox insan üçün ana dilidir və bu dilin saflığının qorunması, yad sözlərin mənasız şəkildə dilə gətirilməməsi hər bir ziyalının borcudur. “Dilini itirən xalq milli kimliyini də itirər,” – deyən dövlət başçısı alimləri, yazıçıları və media nümayəndələrini bu məsələyə xüsusi həssaslıqla yanaşmağa çağırdı.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışı təkcə elmi ictimaiyyət üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyəti üçün bir strateji yol xəritəsi xarakteri daşıyır. Bu nitqdə elm, texnologiya, tarix, dil və milli dəyərlər arasında vəhdət yaradılmış, dövlətin gələcək inkişafının ideoloji və intellektual əsasları aydın şəkildə göstərilmişdir.
Azərbaycan elmi qarşısında duran yeni çağırış – elmi potensialı milli gücə çevirmək, süni intellektdən enerji sektoruna qədər bütün sahələrdə yenilikçi yanaşmaları tətbiq etmək çağırışı idi. Bu çıxış sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti yeni dövrdə daha müasir, texnoloji və intellektual əsaslarla zənginləşərək davam etdirilir.
