Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır!

Tarixi faktlar göstərir ki, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. – 1358 il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır. Məmmədbəyli kəndindəki türbə səkkizbucaqlı şəklində tikilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Türbənin sərdabə hissəsi içəridən kvadrat planda tikilib. Türbənin giriş qapısının üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi qeyd edilib. Kitabədəki mətnə görə, bu, Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsidir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkərə çayı yuyub aparmışdır. Şəhər qalığının ərazisi 9 hektara yaxındır, təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərbdən dağ silsiləsi, şərqdən Həkərə çayının sıldırım sahili ilə əhatə olunmuşdur. Aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onlardan biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdən ibarətdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub, üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanda dəfnetmə İslam şəriətinə uyğun aparılıb.Şərifanda aparılan qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət qalıqları aşkar edilib. Arxeoloji materiallara əsasən, şəhər tipli yaşayış məskəni olan Şərifan XIV əsrdə salınmış və XVII əsrə kimi burada intensiv yaşayış olmuşdur. Rayon ərazisində çöküntü suxurları, vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay;

Zəngilanın ərazisi zəngin təbii ehtiyatlara malikdir. Rayonda hesablanmış ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vecnəli” qızıl yatağı, ehtiyatları 6.618 min kub metr olan üzlük daşı istehsalına yararlı “Oxçuçay” mərmərləşmiş əhəngdaşı yatağı, bundan əlavə, ehtiyatları 129 min ton olan “Daşbaşı-Esgurum” əhəngdaşı yatağı, ümumi ehtiyatları 28.943 min kubmetr olan Bartaz-I və Bartaz-II porfirit yataqları, ehtiyatları 1.102 min kubmer olan kərpic istehsalına yararlı gil və 17.367 min kubmetr olan qum-çınqıl yataqları mövcuddur. Bu kimi təbii sərvətlərin ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təkan verəcəyi açıq görünür.

1993-cü il oktyabrın 30-da Zəngilan rayonuErmənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Bakı-Yerəvan dəmiryolu (Mincivandan Qafana yol ayrılır), İmişli-Laçın və Bakı-Şərur magistral Şose yolları keçirdi.

İllərdir işğalçı Ermənistan Zəngilan rayonu ərazisində “ekoloji terror” həyata keçirib. Zəngilan meşələrindən kəsilən ağaclar ermənilər tərəfindən bəzi Avropa şirkətləri vasitəsilə qonşu ölkələrə daşınırdı. Xüsusilə, Beşitçay Milli Parkındakı çinar ağacları erməni işğalçıları tərəfindən kəsilərək inşaat materialları istehsal edən xarici şirkətlərə satılırdı. Zəngilan ərazilərində yerləşən qızıl yataqları illərdir ermənilər tərəfindən istismar edilib. Bu yataqların xammalı Ermənistandakı Ararat qızıl fabrikinə daşınır və həmin fabrikdə külçə halına salınaraq Rusiya və digər ölkələrə satılırdı. Ermənistan büdcəsinin 51 faizini Kəlbəcər və Zəngilan ərazilərində qızıl yataqlarından çıxarılan qızılın satışından əldə edilən gəlir təşkil edir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib.İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır;

Zəngilanın azad olunmasının əsas döyüşləri Mincivan, Ağbənd və Bartaz qəsəbələrinin uğurunda aparılan haqq savaşı təşkil etmişdir. Zəngilanuğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur;

İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürrətlə davam edir. 2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilana səfər etmişlər. Aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyev və I xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulub. Bununla ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləridir. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulur. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisinə başlanılıb. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq.. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

Zəngilandan loqistik layihələr keçir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasınınböyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib.Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.

Artıq Zəngilan işğaldan azad olunmuş rayonlarımız sırasındadır. Uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıda biləcəklər. Bunun üçün artıq heç bir maneə yoxdur. Çünki Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır!

Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi, p.ü.f.d Sultanova İlhamə

Paylaşın: