ADPU-nun Şamaxı filialında “Zəfər tariximiz – şərəf tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib.Konfrans respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Filialın rəhbərliyi, professor-müəllim heyətinin və tələbələrinin iştirak etdiyi tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
İlk olaraq filialın direktoru, dosent Tünzalə Yusifova konfransda açılış nitqi ilə çıxış edərək 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsi nəticəsində Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlaması, ərazi bütövlüyümüzün bərpası və 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin dövlətçilik tariximizə qızıl hərflərlə yazılması barədə danışıb. Natiq həmçinin ötən müddət ərzində məhz Ulu Öndərin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin hərtərəfli inkişafı və dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün əməli addımlar atılması, dövlətçiliyimiz üçün sarsılmaz təməllər yaradılması haqqında fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
Daha sonra Tədris və elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Şasəddin Mikayılov “Zəfər Günü – milli qürur və şərəf tarixi”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d. Eyvaz Eminalıyev “Xalqla dövlətin vəhdəti – Zəfərimizin rəhnidir”, Riyaziyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri – p.ü.f.d. Asif Nəbiyev “Zəfər tariximiz” və Mətanət Rəhimova “Azərbaycanın tarixi torpağı Zəngəzura qayıdışı” mövzularında çıxış ediblər.
Çıxışlarda qeyd olundu ki, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfər ilə Azərbaycan öz gücünü bütün dünyaya göstərərək tarixi ədalət uğrunda inamlı mübarizəsini nümayiş etdirib, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, Müzəffər Ordumuzun gücü sayəsində, şəhidlərimizin canı, qanı bahasına əldə olunmuş bu qələbə ilə dünya azərbaycanlılarının çoxillik həsrətinə son qoyulub.
Sonda tələbələr adından çıxış edən III tədris ili tələbəsi Nadir Məmmədov Zəfər çalmış ölkənin gənci olmasını qürur hissi ilə vurğulayıb,. O çıxışını son 30 ildə Azərbaycanın başına gətirilən müsibətlərə və tarixə qızıl hərflərlə yazılmış 44 günlük Qələbəmizə həsr olunmuş şeirlərini səsləndirməklə davam etdirib. Tələbənin qələmə aldığı yeni nəzm əsəri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.