2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Xurşidbanu Natəvanın anadan olmasının 190 iliik yubileyi qeyd olunur. Bu münasibətlə Respublika Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında tədbirlər planı təsdiq olundu. Plana əsasən filialın kitabxanasında şairənin yaradıcılığını əks etdirən guşə hazırlanmışdır. Oktyabrdın 21-də isə filialın Heydər Əliyev lektoriyasında Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustası Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunan oxucu disputu təşkil edildi.Tədbirdə ilk olaraq filialın direktoru dosent Tünzalə Yusifova Xurşidbanu Natəvanın Qarabağın mədəniyyət və incəsənət incilərindən biri olması, həmçinin bu əvəzolunmaz şairənin hərtərəfli zəngin yaradıcılığa malik olması haqqında danışdı. Qeyd olundu ki, Şuşalı qızı Natəvanın yubileyinin Şuşa ilinə təsadüf etməsi sanki tarixi zərurətdən irəli gəlir. Sonra III tədris ili tələbəsi Cəfərzadə Zəhranın tərəfindən şairənin həyat və yaradıcılığına həsr olunmuş hazırladığı videoçarx nümayiş olundu.Tədbirdə Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminaliyev və Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razımi çıxış edərək disputun istiqamətlərini müəyyən etdilər. Çıxışçılar incəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkarın, şairənin Şərq poetik ənənələrinə sədaqətlə yazıb-yaratmasından, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin irsindən, şairənin başçılıq etdiyi ədəbi məclisdə ətrafına topladığı ziyalılardan, Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərməsindən, eyni zamanda həm də çox incə zövqə malik rəssam və bədii tikmə ustası olmasından geniş danışıldı. Xurşidbanu Natəvanın Azərbaycan -Avropa ölkələri arasında mədəni əlaqələrdə mühüm rol oynaması vurğulandı.
Tədbirdə Tələbə Gənclər Təşkilatının sədr müavinləri, təşkilatın nəzdində fəaliyyət göstərən Cinema klubun, Kitab və qiraət klubunun üzvlərinin hazırladıqları təqdimatlar, səsləndirdikləri qəzəllər iştirakçılara mənəvi zövq verdi.