“Tarix yaradan şəxsiyyət”
ADPU-nun Şamaxı filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransdan əvvəl tələbələrin rəsm və əl işlərinin nümayiş olunduğu sərgiyə baxış keçirilib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən bütün həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq Ulu Öndər Heydər Əliyevin xalqımızın siyasi və mənəvi həyatında göstərdiyi misilsiz xidmətlərdən geniş bəhs edib.
Daha sonra filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova “Tarix yazan imza” mövzusunda çıxış edərək Heydər Əliyevin uğurlu fəaliyyəti haqqında videoslayd nümayiş etdirməklə çıxış edib. Ardınca Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Əlişah Əyyubov “Müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşiyeva “Heydər Əliyev və dil siyasəti” və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbəsi Cəbrayılova Narınc “Heydər Əliyevin gəncliyə baxışı” mövzularında çıxış ediblər. Son olaraq ibtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Fidan Abbasovanın ifasında Elşad Baratın “Heydər baba” şeiri dinlənilib və bununla da konfrans yekunlaşıb.