TƏLƏBƏLƏRİMİZ RESPUBLİKA KONFRANSINDA İŞTİRAK ETDİLƏR.
Tələbələrin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyi və tədqiqat işlərinə cəlb etməyi qarşısına məqsəd qoyan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Tələbə Elmi Cəmiyyəti həm də tələbələrin respublikanın nüfuzlu ali təhsil müəssiələrində keçirilən konfranlarda iştirakını da təmin edir. Bu məqsədlə tədris ilinin əvvvəlindən kafedralarda tələbələrin maraqlarına uyğun və müasir elmi yenilikləri özündə əks etdirən mövzular tələbələrin tədqiqat aparması məqsədilə onlara təqdim edilir. Tələbələr il ərzində seçdikləri mövzu üzrə tədqiqat aparır, müəyyən elmi nəticələr toplayır və istər filialda, istərsə də digər universitetlərdə keçirilən konfranslara qoşulurlar.
Növbəti dəfə, 15 may 2021-ci ildə filialın 20-yə yaxın tələbəsi Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ali məktəb tələbə və magistrantlarının XXVI Respublika elmi-praktik konfransında iştirak etdilər. Konfrans müxtəlif elm sahələrini əhatə edən 5 bölmə üzrə aparılırdı. Konfransın plenar iclasında filialın tələbələri ilə yanaşı əməkdaşları da iştirak edirdilər.
Sonra bölmələrdə tələbələrin məruzələri dinlənildi. ADPU-nun Şamaxı filialının tələbələri öz mövzularına uyğun iştirak etdikləri bölmələrdə aktual mövzularla təqdimat formasında çıxış edərək xüsusi fəallıqları ilə seçildilər.
Qeyd edək ki, konfransda iştirak edən tələbələrimiz sertifikatla təltif olunacaq və elmi tədqiqat işləri çap olunacaqdır.