Mayın 12-sində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının möhtəşəm açılışı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva da açılışda iştirak ediblər.
Şuşa şəhərinin 270 iliyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “ Şuşa ili”ndə keçirilən, sayca beşinci olan festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak ediblər. Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, klassik musiqi əsərləri təqdim olunub və Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nüayiş etdirilib.
İllər sonra düşmən əsarətindən azad olan, Azərbaycan mədəniyyətinin mərkəzi olan doğma Şuşamızda keçirilən bu qürurverici tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova da iştirak edib. Onu da qeyd edək ki, filialımızın Sosial və Pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov da bir neçə gün əvvəl Şuşada keçirilən “Beynəlxalq Kulinariya Festivalı”nda iştirak edib.
