Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə filialın bir qrup müəllim və tələbə heyəti “Şuşa İli”nə həsr olunan VIII Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiyada iştirak etdilər.
Pedaqoji universitetin Şamaxı filialından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgidə kitabsevərlər Azərbaycanın və Türkiyənin tanınmış yazıçıları ilə yaxından tanış olub, onların qələmə aldıqları kitabları müəlliflərin öz imzası ilə əldə ediblər. Yazıçılar cəmiyyət tərəfindən böyük marağa səbəb olan bu cür tədbirlərə, kitab yarmarkalarının və ədəbi görüşlərin keçirilməsinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıblar.
Fəal tələbələr Türkiyənin məşhur yazarı Ferhat Kardaşın “Yürümeye davam et” kitabı ilə tanış olaraq, müəllifin imzası ilə kitabı əldə ediblər.
Azərbaycan yazıçıları Ramiz Rövşən, Orxan Fikrətoğlu kimi məşhur simalar sərgidə tələbələrlə həmsöhbət olublar.
Tələbələr sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova və Kitabxana və elektron resurslar şöbəsinin müdiri Razımı Vəsilə ilə birgə qatıldıqları sərgidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkil etdiyi bölməni də ziyarət ediblər. Mövzusu və rəngarəngliyi ilə seçilən kitablar filialın tələbələri tərəfindən böyük maraqla qarşılanıb.
Kitabın bəşəri dəyər olduğunu qeyd edən tələbələr sərgidən xoş təəssüratla ayrıldıqlarını söyləyiblər.