Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti

2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycanın lideri Türkiyənin dövlət başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq və mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

Cənab İlham Əliyev öz çıxışında sənədin tarixi əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaranıb. Əlverişli imkanı yaradan səbəblər: Ermənistanda vəziyyət sabit deyil. Ölkə əhalisi bütün problemlərini birbaşa və ya dolayı yolla Qarabağ erməniləri ilə bağlayır. Qarabağ ermənilərinin erməni cəmiyyəti içərisində marginallaşması artır; Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər (sabiq Prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Blogger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan müharibə ritorikasının perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər.

Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ölkəmizlə yanaşı Türkiyənin də beynəlxalq nüfuzuna müsbət təsir etmişdir. Türkiyə regionda əsas dövlətlərdən biri kimi ciddi mənada müsbət dividentlər əldə etmişdir. ABŞ prezidenti Co Baydenin və NATO-nun hökumət və dövlət başçılarının cənab Ərdoğana qarşı dəyişən müsbət münasibətində əlbəttə, Qarabağda əldə olunmuş hərbi zəfərə verilmiş siyasi dəstəyin izləri hiss olunurdu. Azərbaycan bütün tərəfləri öz ədalətli mövqeyinə inandırarkən Türkiyənin bu haqlı savaşda öz qardaşını dəstəkləməsi dünya dövlətlərinin nəzərində Türkiyəni də böyük nüfuz sahibi etmişdir. Türkiyə ordusu Ağdamda təşkil olunan sülhə nəzarət edən monitorinq mərkəzinin üzvü kimi İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Qafqaza daxil olan NATO ölkəsi kimi Qərb üçün böyük tarixi əhəmiyyətə malik uğur əldə etmişdir.

İyunun 14-də NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Türkiyə Prezidenti ilə görüşdü. Görüşdən sonra Bayden “əminəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar” bəyanatını verdi. Ərdoğan görüşü “məhsuldar və səmimi” kimi xarakterizə etdi. O, əlavə etdi ki, “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahələri problemlərdən daha böyük və zəngindir”. Bu görüşdən əvvəl də erməni toplumu ümid edirdi ki, Bayden Ərdoğana, daha sonra isə Ərdoğan İlham Əliyevə ciddi reaksiya göstərəcək. Baydenlə görüşdən dərhal sonra Ərdoğanın Şuşaya gəlməsi Ermənistanın ümidlərini tamamilə məhv etdi.

Artıq NATO Türkiyənin timsalında regiona daxil olur. Bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları Qərb dövlətləri tərəfindən tədricən azaldılır. Rusiyanın istər Əfqanıstanda, istər Liviyada, istərsə də Suriyada hərbi kontingent saxlaması daxili iqtisadi vəziyyətin çətinləşməsi ilə müşayiət olunub. Azərbaycan ərazisində rus hərbçilərinin saxlanılması da rus iqtisadiyyatı üçün kifayət qədər xərc tələb edən avantüradır. Erməni toplumu anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Belə olan vəziyyətdə azərbaycanlılarla ya savaşmaq, ya da dostluq etmək lazım gələcək.

Mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Qarabağda miqrasiya problemi daha qabarıqdır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq.

Azərbaycan Respublikası və Türkiyə Respublikaları arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək, cənab İlham Əliyev qeyd etdi ki, əraziyə yeni sərmayə qoyuluşu gözlənilir. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək.

Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır;

Şuşada 11 səhifədən ibarət “Müttəfiqlik haqqında Şuşa bəyannaməsinin” imzalanması “Bir millət, iki dövlət” mənəvi birliyinin tarixdə ilk dəfə hüquqi zəmində möhkəmləndirilməsi oldu. Tarixi əsaslarla dəstəklənən iki dövlətin münasibətləri bütün sahələrdə özünün qızıl dövrünə qədəm qoymuş oldu. Təhsildən səhiyyəyə, elmdən kənd təsərrüfatına, tikintidən müdafiə sənayesinə qədər hər bir mətləbə toxunulan, onun inkişafını təmin edən “Müttəfiqlik haqqında Şuşa bəyannaməsi” tarixdə analoqu olmayan iki dövlət arasında imzalanmış sənəd hesab oluna bilər.

Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir.

Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir;

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir. İki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaradır;

Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir;

Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır deyə Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir.

Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.

Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərəcəkdir.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Yaqut Qasımova

Paylaşın: