Şuşa Bəyannaməsi – Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni mərhələsi

 Müəllif: Seyidova Şəlalə İltizam qızı
ADPU-nun Şamaxı filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini, baş müəllim

2021-ci il 15 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlətin münasibətlərində yeni, strateji bir mərhələnin əsasını qoydu. Bu sənəd təkcə siyasi akt deyil, həm də tarixə, ortaq dəyərlərə və milli maraqlara əsaslanan bir gələcək vizyonunun rəmzidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb… Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik…”

Şuşa Bəyannaməsi iki dövlətin beynəlxalq müstəvidə bir-birini dəstəkləmək öhdəliyini hüquqi müstəviyə keçirərək regional və qlobal təhlükəsizliyə töhfə verir. Bəyannamə siyasi, iqtisadi, hərbi, mədəni, enerji, təhsil, nəqliyyat və digər sahələri əhatə edir, qarşılıqlı əməkdaşlığı yeni keyfiyyət mərhələsinə daşıyır.

Əsas strateji mesajlardan biri odur ki, bu sənəd Azərbaycan-Türkiyə qardaşlığını və birliyini bütün dünyaya bəyan edir. Müttəfiqlik münasibətləri təkcə siyasi bəyanatlarla deyil, konkret layihələr, ortaq strateji hədəflər və hərtərəfli əməkdaşlıq vasitəsilə möhkəmləndirilir.

Bəyannamədə yer alan ən mühüm müddəalardan biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi, hərbi təlimlər və texnologiyaların ötürülməsi istiqamətində qarşılıqlı fəaliyyət planlaşdırılır. İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin dəstəyi və hərbi texnologiyanın tətbiqi bu sahədə birgə səylərin real nəticələr verdiyini təsdiq etdi.

Şuşa Bəyannaməsi iki ölkənin iqtisadi münasibətlərinin dərinləşdirilməsinə də geniş imkanlar açır. Qarşılıqlı sərmayə qoyuluşları, ticarət əlaqələrinin genişləndirilməsi, regionun turizm və sənaye potensialının inkişafı – bütün bunlar sənəddə nəzərdə tutulmuş strateji məqsədlər sırasındadır. Xüsusilə Şuşa və ətraf ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı bu əməkdaşlığın konkret təzahürüdür.

Bəyannamədə əksini tapan mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu nəqliyyat dəhlizi yalnız Azərbaycan və Türkiyəni deyil, bütövlükdə Türk dünyasını birləşdirəcək mühüm bir layihədir. Şərqdən Qərbə strateji keçid imkanları yaradan bu yol, regional və qlobal iqtisadi sistemlərdə yeni inteqrasiya modelini ortaya qoyur.

Bəyannamədə xarici siyasət sahəsində əlaqələndirmə və diplomatik məsləhətləşmələrin gücləndirilməsi, eyni zamanda diaspor və media sahələrində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd edilir. Xaricdə yaşayan türk və Azərbaycan icmalarının birgə informasiya platformaları yaratması, beynəlxalq mediada ortaq mövqelərin formalaşdırılması mühüm strateji hədəflər sırasındadır.

Şuşa Bəyannaməsinin imzalanması tarixi Qars müqaviləsinə istinadla baş tutur. Prezident İlham Əliyev bu rəmzi addımı belə dəyərləndirib:

“Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.”

Bu sənəd eyni zamanda revanşist dairələrə ciddi mesajdır. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş hər hansı təhdidə qarşı Türkiyənin qətiyyətli dəstəyi beynəlxalq ictimaiyyətə nümayiş etdirilmişdir.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il 15 iyun tarixində müxtəlif mövzular üzrə yüksək səviyyəli beynəlxalq konfranslar keçirilir. 2022-ci ildə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir”, 2023-cü ildə “Qurtuluşdan Zəfərə” və 2024-cü ildə isə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzularında keçirilən tədbirlər iki ölkənin birliyinin ideoloji və siyasi platformasını nümayiş etdirir.

Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə arasında bir sənəd deyil – bu, milli iradənin, ortaq tarix və mədəniyyətin, gələcək hədəflərin hüquqi və siyasi ifadəsidir. Bu Bəyannamə XXI əsrdə Türk birliyinin möhkəmləndirilməsi, regional sabitlik və inkişaf üçün mühüm bir yol xəritəsidir. Bu sənədin icrası ilə qardaş xalqların birliyi daha da güclənəcək və ortaq gələcək üçün sabit, güclü bir zəmin yaradılacaqdır.

 

Paylaşın: