17 noyabrda ADPU-nun Şamaxı filialının Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Zərifə Həmidovanın təlimçiliyi ilə “Su həyatdır” mövzusunda seminar keçirildi.
Seminarda qeyd olundu ki, qloballaşan dünyada ətraf mühitin mühafizəsi, yer kürəsinin davamlı inkişafına nail olmaq üçün ən vacib məqamlardan biri kimi qəbul olunur. Su ehtiyatlarından səmərəli istifadə isə bu gün aktual məsələlərindəndir. Z. Həmidova həyatın özünün və insanın bütün təsərrüfat fəaliyyətinin su ehtiyatlarının istifadəsi ilə qırılmaz əlaqədə olduğunu, bütün canlı orqanizmlərin yaşaması üçün suyun əvəzedilməz şərt olaraq böyük rol oynadığını qeyd edib. Azərbaycan azsulu ölkələr sırasındadır və su çatışmazlığı problemi ölkəmizdən də yan keçmir. Respublikamızın su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşır və Azərbaycana Kür, Araz, Samur kimi çaylarla tranzit olunur. Son 8 ildə müşahidə olunan davamlı quraqlıq su ehtiyatlarımızın azalmasına səbəb olub. Dünya təcrübəsinə baxıldığında bütün dünyada 844 milyon insanın təmiz su çatışmazlığından əziyyət çəkdiyini, 600 milyon uşağın isə təmiz suya çıxışının çox zəif olduğu ərazidə yaşadığını bildirib.
Sonda seminarda iştirak edən tələbələrin çıxışları dinlənilib, sualları cavablandırılıb.
Paylaşın: