Sosial və xüsusi fənlər kafedrasının müəllimi, f.ü.f.d Şasəddin Mikayılov.
Azərbaycanda Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olumuşdur. Məhz bu illər ərzində dövlətin büdcə xərclərinin əsasını hərbi xərclər təşkil etmişdir. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi mütləq mənada strateji hədəf olmuşdur. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi “Mən işğal dövründə deyirdim, bir neçə dəfə də demişəm, hər birimiz müqəddəs gün olan azadlıq gününü, öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırıq və yaxınlaşdırdıq.”
Ölkəmizin digər ölkələrdən asılı olmamasını təmin etmək üçün aparılan məqsədyönlü siyasəti aşağıdakı strateji hədəflər kimi qeyd etmək olar:
- Hərbi sənaye kompleksinin yaradılması. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.
- Azərbaycanın iqtisadi üstünlüyü. Bütün layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı, regionda enerji və nəqliyyat xəritəsini tərtib etdi və bununla da Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirdi.
- Xarici siyasət. Münaqişə boyunca Azərbaycan Beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirdi. Münaqişənin həlli üçün BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatların qətnamələrini hüquqi baza kimi qəbul edildi. Bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edildi və münaqişənin həlli üçün Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi;
- Müharibənin qaçılmazlığı. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildən təsis edilmiş ATƏM-in (sonradan ATƏT) Minsk Qrupu 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır; Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi. Lakin Azərbaycan beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi. Ancaq Ermənistanın təxribatçı addımları müharibəni qaçılmaz etdi.
- Prezident İlham Əliyevin söylədiyi kimi “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycan dövlətinin gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”
- Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti. Məskunlaşdıqları ilk gündən ermənilər Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar;
- Etnik dözümsüzlük. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-1920 ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirərək soyqırım həyata keçirdilər. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir;
- Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması ilə Ermənistanda etnik qrupların təmizlənməsi tamlıqla həyata keçirildi və hətta bu Sovet dövründə də davam etmişdir. 1947-ci il 23 dekabr və “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 1948-ci il 10 mart tarixli qərarları ilə 100 mindən çox azərbaycanlı 1948-1950-ci illərdə “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirilmiş, 150 mindən çox azərbaycanlı ata-baba yurdundan zorla köçürülmüşdür. Onların Azərbaycanın əsasən Aran bölgəsində (Zərdab, Əli-Bayramlı (Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı) yerləşdirilməsi nəticəsində hər üç nəfərdən biri yeni şəraitə, isti, quru iqlimə, məişət təminatsızlığına uyğunlaşa bilməyərək aclıq və xəstəlikdən ölmüşdür. 1987-1988-ci illərdə deportasiya olunmuş azərbaycanlı əhalinin sayı 250 min nəfər (49928 ailə) olmuşdur. Bakıda və SSRİ-nin başqa şəhərlərində təhsil alanlar, təhsil alıb təyinatla işləməyə göndərilənlər, SSRİ-nin müxtəlif şəhərlərində hərbi xidmətdə olanlar da nəzərə alınarsa, deportasiya olunanların sayı 300 min nəfərə yaxın olmuşdur;
- Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan torpaqlarının işğalı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ilə azərbaycanlıları doğma yurd-yuvalarından didərgin saldı. Ölkənin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vuruldu, Ermənistan işğal altında olan Azərbaycan ərazisi acınacaqlı vəziyyətə salınmış, şəhər və kəndlər tamamilə dağıdılmışdır. Acı bir həqiqətdir ki bir milyondan çox Azərbaycanlılar qaçqın və köçkün şəraitində yaşamışdır.
- 30 il ərzində davamsız olaraq Azərbaycan mövqeyləri atəşə tutulurdu. Ermənistanın Noyemberyan istiqamətində, Qazax rayonu ərazisindəki, adsız yüksəkliklərdən, Gədəbəy rayonunun Zamanlı kəndindən, Tərtər rayonunun Çiləbür kəndindən, Ağdam rayonunun Sarıcalı kəndindən həmçinin Tərtər rayonun yüksəkliklərindən mövqelərimiz atəşə tutuldu və düşmən təxribatı daha da gücləndi.
- Nəhayət dözülməz vəziyyəti görən Ali Baş Komandan “İrəli” əmrini verdi. Məqsəd mülki əhalinin təhlükəsizliyini təmin etmək və cəbhə boyu əks-hücum əməliyyatını həyata keçirmək və Azərbaycan torpaqlarının işğaldan azad olunması idi. Azərbaycan xalqı 30 il idi ki, Ali Baş Komandanın əmrini gözləyirdi.
- Xalq və ordu birliyi. Cənab Ali Baş Komandanın dəmir yumruğu ilə öz gücünü yüksək şəkildə nümayiş etdirdi. On minlərlə azərbaycanlılar könüllü olaraq orduya yazıldı və bu bir daha xalq və ordu birliyinin dinamik vahidliyini müəyyən etdi.
- Prezident İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan Ordusu “44 gün ərzində hər gün sürətlə irəliləyirdi”. Şuşanın işğaldan azad olunmasının strateji əhəmiyyəti böyük idi və faktiki olaraq onun azad olunması müharibənin taleyini həll etdi.
- Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdi ki, Azərbaycan xalqı 44 gün ərzində öz qüdrətini göstərdi və Ermənistanın silahlı qüvvələrini və Erməni mifini məhv etdi.
- Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakının Azadlıq Meydanında Zəfər paradını keçirdi. Paradda eyni zamanda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir.
- Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Orduya çevrilmişdir. Azərbaycan Ordusu MDB məkanında və dünya miqyasında döyüş ruhu və yüksək hərbi texnoloji avadanlıqlara malik olmaq baxımından tam üstünlüyə malikdir və ön sıralarda gedir;
- Cənab Prezident İlham Əliyev qeyd edirdi ki, “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmini artırır, erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə aparılır.
- Prezident İlham Əliyevin göstərişi və fəaliyyəti ilə Azərbaycanın tarixində yeni inkişaf səhifəsi yaradıldı. Azad edilmiş ərazilərdə geniş inşaat işləri həyata keçirilir- yeni infrastrukturlar, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolların və tunellərin çəkilməsi bunun bariz nümunəsidir.
- Böyük Qayıdış strategiyası – Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın öz doğma evlərinə qaytarılması bunun əyani şəkildə həyata keçirilməsidir.
- Prezident İlham Əliyev qeyd edir ki, öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.” Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Qazi və şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir və 13 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.
- Lokal xarakterli antiterror əməliyyatı. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlanılmışdır.
- Tam Qələbə. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxarılması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsidir.
- Ali Baş Komandan İlham Əliyev doğma xalqına söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını əsas götürərək mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyacağam. Bunun nəticəsi olaraq 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını yüksəkliyə qaldırdı.