Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında əməkdaşların yubileyləri qeyd olunub. Tədbirdə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, universitetin Nəşriyyat şöbəsinin müdiri Hüseyn Hacıyev və filailın rəhbər heyəti iştirak edib.
Filialın direktoru, dosent Tünzalə Yusifova tədbiri açaraq qonaqları səmimi salamlayıb, universitet rəhbərliyinə, xüsusilə ADPU-nun rektoru, professor Cəfər Cəfərova göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib. O vurğulayıb ki, ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin diqqət və qayğısı filial tərəfindən hər zaman hiss olunur. Tünzalə xanım həmçinin Vaqif Əliyevə və Hüseyn Hacıyevə təşəkkür edərək qeyd edib ki, filialın hər bir əməkdaşı dəyərlidir və bu kimi tədbirlərin təşkili kollektivin motivasiyası və mənəvi dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən dosent Vaqif Əliyev iştirakçıları salamlayaraq Şamaxı filialında formalaşmış mehriban ailə mühitini və mütəşəkkil tədris prosesini yüksək qiymətləndirib. O, Tünzalə Yusifovanın rəhbərliyi ilə filialda yaranmış səmimi, sağlam və yaradıcı mühitin filialın ümumi inkişaf strategiyasına böyük töhfə verdiyini bildirib.
Ardınca filialın bir neçə əməkdaşı yubileyləri münasibətilə ADPU Həmkarlar İttifaqı Komitəsi və Şamaxı filialının rəhbərliyi tərəfindən təltif olunublar:
- Yaqut Qasımova – Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi, səmərəli elmi-pedaqoji fəaliyyətinə və 60 illik yubileyi münasibətilə;
- Əhmədov Mehman – İnzibati təsərrüfat şöbəsinin elektrik işləri üzrə mütəxəssisi, məsuliyyətli fəaliyyətinə, həmçinin 65 illik yubileyi münasibətilə;
- Eldəniz Əzizov – filialın baş mühasibi, səmərəli əmək fəaliyyətinə və 70 illik yubileyi münasibətilə.
Filialın Həmkarlar İttifaqı Komitəsinin sədri baş müəllim Çingiz Dadaşov tədbirdə çıxış edərək qeyd edib ki, bu cür tədbirlər universitet kollektivinin birliyini və həmrəyliyini gücləndirir. O bildirib ki, ADPU rəhbərliyinin və HİK-in dəstəyi daim hiss olunur və bu dəstək əməkdaşlara stimul verir, onların əməyinə verilən dəyəri ifadə edir.
Tədbir səmimi və yüksək ovqatla davam edib, yubileyləri qeyd olunan əməkdaşlar kollektiv tərəfindən təbrik olunaraq alqışlarla qarşılanıblar.