Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) Şamaxı filialında tələbələrə “Sağlam gənclik, sağlam gələcəkdir” adlı maarifləndirici dəyirmi masa keçirilib. Tədbirdə filialın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq “ağ ölüm” ün fəsadlarından, cəmiyyətimizdə törətdiyi fəlakətlərdən ətraflı bəhs edib. O, qeyd edib ki, dəyirmi masanın keçirilməsindən məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, onlarda narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaqdır.
Daha sonra filialın Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Təranə Əkbəri mövzu ətrafında geniş çıxış edərək, videoslayd köməyi ilə tələbələri məlumatlandırıb. Dəyirmi masada “Narkotika və sağlamlıq”, “Başlanğıc səhv”, “Asılılıq necə başlanır”, “Narkotika həyatı məhv edir” və digər mövzular ətrafında maraqlı müzakirələr aparılmışdır. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.