Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Vətənpərvərlik departamentinin təşkilatçılığı ilə ”ON1000” proqramı çərçivəsində “Qəhrəmanlar unudulmur!” layihəsinin növbəti tədbiri Milli Dirçəliş Gününə həsr olundu.
İlk olaraq tarixən Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sosial və humanitar məsələlər üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatının nəticəsi olaraq Azərbaycan xalqının oyanışı onun yenidən müstəqilliyini bərpa etməsi ilə yekunlaşdı. Bu yolda da xalqımız şəhidlər verdi, 1990-cı il yanvar hadisələrini yaşadı. Lakin mübarizliyini, birliyini itirmədi. Bu mübariz ruh 2020-ci il Zəfər yürüşü ilə əsas dayağı oldu. Ali Baş Komandanının ətrafında sıx birləşən mübariz Azərbaycan xalqı şəhidlərinin qisasını aldı, tarixi torpaqlarına qayıtdı.
Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razımi 90-cı illərdə xalqın haqq səsinə çevrilən ədiblərimizdən bəhs edərək, qələmini silaha çevirənlərin azadlıq və müstəqilliyimizin qazanılmasında rolundan danışdı. Çıxışçı qeyd etdi ki, gələcəyimiz olan vətənpərvər gənclərimiz öz tarixinə, keçmişinə bağlı olduğunu nümayiş etdirdikcə şəhidlərimizin, o cümlədən qəlbi Vətən eşqi ilə döyünmüş tarixi şəxsiyyətlərimizin də ruhu şad olur.
Tədbir zamanı Azərbaycan dili və ədəbiyyatı müəllmliyi ixtisasının III tədris ili tələbəsi Müjgan Əhmədzadə şəhid Əlifov Lətiv, İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Nigar Sahibova Mecidov Müşviq və Vəliyev Əliyar, İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Gülnarə Əsədova şəhid Mönsümzadə Orxan, Elnur Mustafayev və Səid Ədilov, Riyaziyyat və informatika müəllimliyi ixtisasının I tədris ili tələbəsi Zeynəbxanım Zeynallı şəhid Yasər Bəkirov, İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsi Müjgan Tağıyeva Tovuz döyüşləri şəhidi polkovnik İlqar Mirzəyevin həyat hekayələrini əks etdirən təqdimat və videoçarxlarla çıxış etdilər.
Duyğu dolu tədbirin sonunda bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, Ordumuzun bütün şəxsi heyətinə dözüm arzu edildi.