Sosial və xüsusi fənlər kafedrasının laborantı Seyidova Nisə.

 

Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək”,-deyə Prezident qeyd etdi.  Prezident İlham Əliyev Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə də toxundu. Ölkə başçısı qeyd etdi ki, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.

Laçın da digər Qarabağ torpaqları kimi 30 il düşmən tapdağında qalıb. Ermənilər bu ərazimizdə də olmazın barbarlıqlar edib, şəhəri talayıb, dağıdıblar. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar deyə Prezident İlham Əliyev çıxışında qeyd etmişdir.

Prezident gələcəyin anonsunu da verdi. Bildirdi ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.

Prezident İlham Əliyev həmçinin bunu da qeyd etdi ki, məlum olduğu kimi hazırda Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır. Bunun üçün artıq silsilə tədbirlər başlayıb, COP29 çərçivəsində görüşlər baş tutur. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu, yenə də bəzi dövlətləri qıcıqlandırıb. Xüsusilə də Qərbdən maliyyələşən şəxs və təşkilatların son zamanlar Azərbaycana qarşı qarayaxma kampaniyası müşahidə olunur. Ancaq bütün bunlar heç bir nəticə verməyəcək və Azərbaycan daha əvvəllər olduğu kimi indi də bu böyük tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək.

Prezident bu barədə vurğuladı ki, biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Azərbaycan prezidentinin xalqımızın İkinci Dünya müharibəsi qələbəsində mühüm rolunu qeyd etməsi də önəmli bir nüans idi. Prezident Azərbaycanın SSRİ-dəki önəmli yerindən bəhs edərək aşağıdakıları söylədi: “Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar”.

Prezident bildirdi ki, 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu: “Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti ötən gün “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə də çox mühüm məqamlara toxundu. Prezident Amerikanın Azərbaycana qarşı qərəzindən danışdı və aşağıdakıları bildirdi: “Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.

ABŞ-ın Ermənistanı indi də silahlandırması, sülh deyə-deyə müharibəyə şərait yaratması heç kimə sirr deyil. Erməni lobbisinin maliyyəsi hesabına Konqresdə oturan Frank Palloneni və onun kimiləri, əslində, heç ermənilərin taleyi də maraqlandırmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ağ Ev administrasiyası Azərbaycanın iradəsini qıraraq rəsmi Bakını özünün geosiyasi oyunlarında istifadə edə bilmir. Vaşinqton “İnsan hüquqları” və “demokratiya” adı altında Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışır, onu Rusiyanın əleyhinə yönəltməyə və bölgədə yeni münaqişə ocağı yaratmağa cəhd edir. Buna görə Ermənistanın silahlandırılması da təsadüfi xarakter daşımır. Ancaq Azərbaycan hər zaman olduğu kimi indi də hansısa gücün oyunlarında iştirak etmir.

Azərbaycan Prezidenti müsahibəsi zamanı olduqca önəmli məsələyə toxundu. bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. “Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu, nankorluqdur” deyə Prezident bildirdi.

 

Paylaşın: