Prezident İlham Əliyevin AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı bəyanatları.

Sosial və xüsusi fənlər kafedrasının

Laborantı Seyidova Nisə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. O, çıxışında qeyd etdi ki, mən Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırıldım, dərhal göstəriş verdim və təyyarə geri – Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır.

Daha sonra Cənab İlham Əliyev bildirdi ki, təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.

Cənab Prezident bildirdi ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır. Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır- deyə Prezident İlham Əliyev qeyd etdi.

O həmçinin bunuda bildirdi ki, bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugün vida mərasimində iştirak etdi və ekipaj üzvlərinin təltifi ilə bağlı Sərəncam imzaladı. Çıxışın davamında Prezident bildirdi ki, Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik.

Cənab Prezident həmçinin dedi ki, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi.

Prezident AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırması ilə əlaqədar bunuda qeyd etdi ki, Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər. AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq.

Məsələ ilə bağlı Azərbaycanın Rusiyadan tələbləri haqqında Cənab İlham Əliyev bildirdi ki, dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək.

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 dekabr 2024-cü il tarixdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin ekipaj üzvlərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra) və Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

 

 

 

 

 

 

Paylaşın: