Sosial və xüsusi fənlər kafedrasının

Baş müəllimi f.ü.f.d. Mikayılov Şasəddin

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib. Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibədə Azərbaycan-Çin münasibətlərinin inkişafını yüksək qiymətləndirib. O, 2023-cü il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni tarixi hadisə kimi dəyərləndirib. Bu sənəd iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.

Prezident Əliyev vurğulayıb ki, Birgə Bəyannamə qarşılıqlı hörmət, bərabərlik, etimad və əməkdaşlıq prinsiplərinə əsaslanır. O, həmçinin qeyd edib ki, Azərbaycan və Çin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, daxili işlərə qarışmamaq və dinc-yanaşı yaşamaq prinsiplərinə sadiqdir. Bu prinsiplər əsasında iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri qurulub.

Müsahibədə Prezident Əliyev iki ölkə arasında yüksək səviyyəli səfərlərin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, ÇXR-in Sədri Si Cinpini Azərbaycana səfərə dəvət etdiyini və bu səfərin dövlətlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inandığını bildirib. Eyni zamanda, Çin ilə Azərbaycanın beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətini və regional sülhün təşviqində birgə səylərini xüsusi qeyd edib.

Prezident Əliyev Azərbaycan-Çin münasibətlərinin müsbət dinamikasını və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bu münasibətlər Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və qarşılıqlı mədəni zənginləşməsinə xidmət edəcək. Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək. Çinin “Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi altında təşkilata sədrliyi onun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcək. ÇXR ŞƏT-in təsisçi ölkələrindəndir və təşkilatın inkişafının aparıcı güclərindən biri olaraq qalır. Əminəm ki, Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri ŞƏT prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək. Ötən il Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in sammitində iştirak etdim. Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycanın ŞƏT ilə əməkdaşlığı terrorizmlə, ekstremizmlə və separatçılıqla mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kimi müxtəlif sahələri əhatə edir. Həmçinin sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın dəstəklənməsi kimi məsələlər diqqət mərkəzindədir. Məlum olduğu kimi, ölkəmiz bu sahələr üzrə beynəlxalq arenada fəal rol oynayır. ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir. Həmçinin əminəm ki, ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək. Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik. Ötən il Astanada ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik. Tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu. Mən artıq dedim ki, Qlobal Cənubun bir hissəsi kimi, həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir.

Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir. Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çinə işgüzar səfər etdim, artıq 2015-ci ildə ÇXR-ə dövlət səfərim oldu. 2019-cu ildə ÇXR Sədrinin dəvəti ilə Pekində keçirilən İkinci “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak etdim. Sədr Si Cinpin ilə görüşlərimizi və səmərəli müzakirələrimizi böyük məmnuniyyətlə xatırlayıram. Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Fəal dialoqumuz, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır. Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.

Paylaşın: