Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Pedaqoji fakültəsinin dekanı, baş müəllim Qahirə Şahbazovanın iştirakı ilə tyutorlar və qrup nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşün əsas məqsədi tədris prosesinin təşkili, tələbələrin qarşılaşdıqları məsələlərin dinlənilməsi və aktual tədris məsələlərinin müzakirəsi olmuşdur. Qahirə Şahbazova çıxışı zamanı çatmayan dərslərin təqvimə uyğun şəkildə bərpası, kollokviumların keçirilməsi, sərbəst işlərin vaxtında təhvil verilməsi və ümumilikdə fakültə üzrə tədrisin cari vəziyyəti ilə bağlı ətraflı məlumat vermişdir.
Görüş zamanı ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş fənlər barədə sinif nümayəndələrinə məlumat təqdim edilmiş, seçmə fənlərin adları cədvəl formasında tyutorlar vasitəsilə nümayəndələrə paylanmışdır. Həftə sonuna kimi qrup daxilində tələbələrin imzası ilə seçdikləri fənlərin siyahısının dekanlığa təqdim olunması tapşırılmışdır.
Eyni zamanda, 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyası ilə bağlı məsələlər də diqqət mərkəzində olmuşdur. Bildirilmişdir ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin olunması üçün bütün zəruri tədbirlər görülməkdədir. İmtahana hazırlıq mərhələsində imtahan suallarının əvvəlcədən təsdiqlənmiş formada hazırlanması və vaxtında tələbələrə çatdırılması vurğulanmışdır.
Görüş çərçivəsində həmçinin filialda strukturlar, o cümlədən Keyfiyyət Təminatı Şöbəsi (KTŞ) tərəfindən aparılan sorğuların vaxtında cavablandırılması və bu prosesə məsuliyyətlə yanaşılması zəruriliyi diqqətə çatdırılmışdır.
Sonda tyutorların və tələbələrin təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.