İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil olunmuş növbəti təlim sessiyası böyük maraqla keçirildi. Bu dəfəki təlim, Pedaqogika və Psixologiya kafedrasının müəllimi Səfərli Zeynəb Aydın qızının rəhbərliyi ilə baş tutdu.

Təlimin əsas məqsədi tələbələri MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanına hazırlıq mövzusunda maarifləndirmək, onlara imtahanın strukturu və tələbləri haqqında ətraflı məlumat vermək idi. Səfərli Zeynəb müəllimə, tələbələrə imtahana necə hazırlaşmalı olduqlarını izah edərək, ən effektiv hazırlıq metodlarını və strategiyalarını paylaşdı. Həmçinin, imtahanın müxtəlif bölmələri və hər bir bölməyə dair tətbiq olunan qiymətləndirmə üsulları barədə məlumat verildi. Bu, tələbələrin imtahanın nə dərəcədə əhatəli və müxtəlif olacağını anlamalarına kömək etdi.

Təlimin nəzəri hissəsi sona çatdıqdan sonra, praktiki mərhələyə başlanıldı. Tələbələrə müxtəlif test tapşırıqları təqdim olundu. Onlar bu tapşırıqlar üzərində işləyərək nəzəri biliklərini praktiki şəkildə tətbiq etmək və müvafiq imtahan suallarını düzgün şəkildə cavablandırmaq bacarıqlarını inkişaf etdirmək imkanı qazandılar. Bu mərhələ, tələbələrin həm nəzəriyyə, həm də praktika arasındakı əlaqəni daha dərindən başa düşmələrinə şərait yaratdı.

Sessiyanın sonunda iştirakçılar tərəfindən müxtəlif suallar verilərək, onları maraqlandıran mövzular ətrafında müzakirələr apardılar.

Bu növ təlimlərin mütəmadi olaraq keçirilməsi, tələbələrin peşəkar inkişafına və imtahan uğurlarına müsbət təsir edir.

Paylaşın: