Ölkənin gələcək müqəddəratını müəyyən etmiş prezident seçkiləri

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ölkənin yeni inkişaf mərhələsinin təməlini qoyaraq dövlətimizin müstəqilliyini əbədi və dönməz etdi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.

Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri -Heydər Əliyevi dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.

1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi.

Həmin dövrdə cəmiyyətimiz ağır durumda olan Azərbaycanın nicatının Heydər Əliyev ideyalarında olduğunu aydın dərk edirdi. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri yaşamaz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır, bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə onlar ölkəni uçuruma apardılar və Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar.

Ümummilli Lider 1993-cü ilin oktyabrında dövlət başçısı seçildikdən sonra müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində ciddi işlər görüldü, müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ulu Öndər ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmağa başladı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində Ulu Öndər “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və s. bu kimi adlar qazanmışdır. Heydər Əliyevin fenomenallığı siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyində və bir çox digər məsələlərdə sübut olunmuşdur.

Heydər Əliyev dahi natiq və xarizmatik lider idi. Onun dərin məntiqli nitqi, natiqlik məharəti, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağı, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirməyi ustalıqla bacarırdı. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsir etmə gücündə idi.

Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Ümummilli Lider Heydər Əliyev tarixi adət-ənənələri, milli fəlsəfi məfkurəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifidir. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amil olmuşdur.

Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Heydər Əliyev milli maraqlar üzərində qurulmuş dövlət siyasəti aparırdı. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər.

Ölkənin davamlı inkişafını təmin etmək üçün Ulu Öndər Heydər Əliyevin dövründə fundamental təməllər atılmışdır. Belə ki, Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız – azərbaycançılıq formalaşdı. Siyasi islahatlar aparılmağa başladı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik nümayiş etdirmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə çevrilməsinə nail olmuşdur.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləri sayəsində baş vermişdir. Ulu Öndər Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, dünyada tanınan nüfuzlu bir dövlətə çevirmiş, müstəqilliyini əbədi və dönməz etmişdir.

Ulu Öndər ölkənin qüdrətini artıran beynəlxalq iqtisadi təşəbbüslər irəli sürmüşdür. Qərbə inteqrasiya yolunu tutan Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

Ulu Öndər insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına güclü stimul vermişdi Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz böyük siyasətçinin adı ilə bağlıdır. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtmasından sonra dayanıqlı inkişafı təmin edən addım və qərarlar həyata keçirilmişdir. Belə ki, respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuş və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs əldə olunmuşdur. Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.

Ulu Öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Məhz Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Beləliklə, demokratik əsaslar üzərində qurulmuş qanunverici islahatlar reallaşdırılmışdır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər baş vermiş, kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırılmış, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edilmişdir. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atılmışdır: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması, Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Ulu Öndərin gərgin əməyinin nəticəsidir.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət strategiyası müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

Ulu Öndər tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.

Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu Öndər Heydər Əliyev irsi Azərbaycanın davamlı inkişafının təminatı olmuşdur.Təsadüfi deyildir ki, müxtəlif ölkələrin dövlət başçıları Ümummilli Lider Heydər Əliyev haqqında aşağıdakı fikirləri söyləmişlər:

Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar.”.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin: “Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin uzun illər ərzində səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir”, “Heydər Əliyev görkəmli dövlət xadimi, Vətəninə sadiq əsl patriotdur”,

Fransa Respublikasının eks-prezidenti Jak Şirak: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.” Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev ölümündən sonra 2003-cü ildə Fransanın ali mükafatı olan “Fəxri Legion” Ordeninin ən yüksək dərəcəsi ilə təltif olunmuşdur.

Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.

Birləşmiş Krallığın Kraliçası II Elizabet: “Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur”.

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Liderin bu gün ruhu şaddır. Torpaqlarımız işğaldan azad olunub, dövlətimizin iqtisadi və siyasi gücü gündən-günə artır, hüquqi və siyasi islahatlar aparılır. Bu gün hər birimiz fəxr edir və qürur duyuruq ki, dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyev Ulu Öndərin yolunu və ideyalarını ləyaqətlə davam etdirir. Xalqımızın sonsuz məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi b.ü.f.d. Təranə Əkbəri

 

Paylaşın: