“Narkotik asılılıq və onun fəsadları”
14 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkil etdiyi “Narkotik asılılıq və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq, narkotik asılılığın fəsadları və bu mövzuda tələbə gənclərimizin maarifləndirilməsinin vacibliyindən bəhs edib. Qeyd edib ki, gələcəyin müəllimi olan tələbələr bu sahədə aparılan maarifləndirmə işlərinə fəal şəkildə qoşulub. Ardınca çıxış edən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun baş məsləhətçisi Şahin İsmayılov Beynəlxalq və regional səviyyədə narkotiklə mübarizə yolları və onun müalicəsi barədə ətraflı videotəqdimat vasitəsilə çıxış edib. O, narkotik asılılığın sosial səbəblərindən, cəmiyyətə vurduğu zərərdən bəhs edib və ailələrin bu mövzuya daha həssas yanaşmalı oıduğunu qeyd edib. Daha sonra ADPU-nun Şamaxı filialının Sosial və pedaqoji elmlər kafedrasının dosenti İlhamə Sultanova “Narkomaniyanın psixoloji fəsadları” haqqında geniş söhbət açaraq insanları ölümə aparan bu bəlanın psixoloji səbəblərindən bəhs edib.
Son olaraq Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov Narkomaniya ilə mübarizədə son statistik göstəricilər haqqında iştirakçıları məlumatlandırıb. “Ağ ölüm”ün yaş həddinin enməsindən narahatlığını bildirib. Çıxışların ardından tədbir diskussiya şəklində davam edib və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.