Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə  həsr olunmuş “Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev ”  mövzusunda elmi praktik – konfrans keçirildi.

İlk olaraq xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin  suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi, ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Ulu Öndər Heydər Əliyevin geniş fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı tarixi xidmətlərindən ətraflı bəhs etdi. Xalqımız öz Dahi Liderinin, səyləri nəticəsində tarixin ən çətin sınaqlarından şərəflə çıxaraq tərəqqi yolu ilə irəlilədi, dünya xəritəsində layiqli yerini tutaraq müstəqilliyini əbədi və dönməz etdi.

Xalqımız xoşbəxtdir ki, Azərbaycanın hərtərəfli, müstəqil və davamlı inkişafı məqsədini daşıyan Heydər Əliyev siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir.

Ardınca Sosial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova – “Türk dünyasının lideri Ulu Öndər Heydər Əliyev ”mövzusunda ətraflı məruzə ilə çıxış etdi. Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Balakişiyev Kamal – “Azərbaycan elminin inkişafında Heydər Əliyev irsinin rolu”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Xasıyeva Səkinəxanım – “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili təəssübkeşliyi” mövzusunda çıxış etdilər.

Sonda tələbələrimizin ifasında mövzu ilə bağlı    şeirlər dinlənildi.

 

 

 

 

 

 

 

 

 

 

Paylaşın: