“Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ictimaiyyət tərəfindən də maraqla qarşılanıb.
Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.
Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.Media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir.Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.
“Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-ə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur.
Qeyd etməliyik ki, bütün dünyada məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanın yeni “Media haqqında” qanun layihəsi məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi xarakterizə olunur. Hazırda müzakirəyə çıxarılmış “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir.
Məsələ bundadır ki, 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Qanun bu günə qədər 79 dəfə dəyişikliyə uğrayıb və müasir çağırışlara cavab vermir. Yeni qanun layihəsi isə media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir.
Layihə dövlət-media münasibətlərində hüquqi mənzərənin dəqiqləşməsinə töhfə verəcək, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda, ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi, şübhəsiz ki, media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.
Yeni qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil, 78 maddədən ibarətdir. Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.Qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb.
Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq bu sahədə dövlətin əsas vəzifələri kimi göstərilib.
Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər müvafiq maddələrdə öz əksini tapıb.
Qanun layihəsində jurnalistlərin Media Reyestrinə daxil edilməsi nəzərdə tutulur və bu, könüllü xarakter daşıyır. Layihəyə əsasən, Medianın İnkişafı Agentliyi tərəfindən jurnalistlərə xüsusi vəsiqə veriləcək. Ancaq jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildir. Qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.
Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.
Qanuna əsasən, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
Çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi tamamilə yeni bir prosedur deyil və artıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur.Sadəcə, hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulmuşdur.
Qanunda təsbit olunan “jurnalist” anlayışı xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə etmişdir.
Qanunda nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.
“Riyaziyyat və kompüter elmləri” kafedrasının baş müəllimi, filial HİK-nin sədri Çingiz Dadaşov.