Kəlbəcər rayonunun işğaldan azad olunması mühüm tarixi qələbədir.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər.

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 gündan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Döyüşdə həlak olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi.Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən , Kəlbəcər rayonunun 15 noyabr 2020-ci il tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır.Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü və humanizm göstərilmişdir.

Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir.Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.

Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

Fransanın “Le Monde” qəzeti Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonu haqqında məqalə dərc edib. Məqalədə Ermənistanın işğal altında saxladığı 30 ilə yaxın müddətdə Kəlbəcərdə törətdiyi dağıntılardan bəhs olunur.

Məqalədə Kəlbəcər sakinlərinin fikirlərinə yer verilərək bildirilir ki, hazırda bu insanlar iki ziddiyyətli duyğu yaşayırlar. Bir tərəfdən onlar azad edilmiş rayonlarına qayıtmaq üçün çox sevinirlər, digər tərəfdən isə ermənilərin 30 ilə yaxın işğal müddətdə törətdikləri dağıntıları, geridə qoyduqları xarabalıqları görəndə qəzəblənirlər. Bununla yanaşı, onlar hər şeyin yaxşı olacağına inanırlar.

Kəlbəcərin tamamilə darmadağın edildiyi diqqətə çatdırılan məqalədə qeyd edilir ki, yolboyu Azərbaycan kəndlərinin xarabalıqları, eləcə də ermənilərin buraları tərk edərkən yandırdıqları damsız evləri görmək olar. Yol boyunca dağıdılmış, partladılmış elektrik stansiyaları da görünür. Bəzi körpülər də tamamilə dağıdılıb. Azərbaycan ermənilərə Kəlbəcəri tərk etmək üçün 10 gün əlavə vaxt verdi. Onlar isə bu vaxtdan torpaqları yandırmaq, evləri dağıtmaq, əraziləri minalamaq üçün istifadə etdilər. Ancaq 1993-cü ildə ermənilər azərbaycanlılara Kəlbəcəri tərk etmək üçün bir neçə saat vaxt vermişdilər. Həmin vaxt on minlərlə azərbaycanlı bombardmanlar altında Murovdağ vasitəsilə qaçıb canını qurtarmaq məcburiyyətində qaldı. Çoxlu sayda qadın və qoca yollarda soyuqdan öldü.

Təəssüf ki, mənfur düşmən buradan çıxanda da öz xislətini göstərərək rayonu dağıtdı. Yəni ermənilər necə daxil olmuşdularsa, elə də çıxdılar, evləri, hər yeri yandırdılar… Amma əsas Kəlbəcərin ruhudur ki, o ruh da qalıb! Biz bu torpaqlara yenidən qayıdaraq burada quruculuq işləri ilə məşğul olacağıq. Azərbaycan xalqı Kəlbəcəri daha gözəl bir bölgəyə çevirəcək!

25 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik etdi.

Xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”.

Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran Prezident qeyd edib ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı.

“Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir.

2020-ci il noyabr ayının 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşdur.Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Bu səfər unudulmaz məqamları ilə tarixə düşdü. Kəlbəcərlilər bu səfəri çoxdan gözləyirdi.

Kəlbəcərə səfər Azərbaycanın ümumi mənzərəsi ilə bağlı görüləcək yeni quruculuq işləri-elektrik, su təhcizatı, digər kommunikasiya xətlərinin çəkilişi və sair istiqamətində aparılan işlərə dünyanın diqqətini bir daha yönəltmiş oldu. Çünki bu bölgədə də ermənilərin törətdiyi vandalizm nəticəsində hər şey məhv edilib, yandırılıb. Bir daha bəyan edildi ki, Azərbaycan xalqı quruculuğa, bərpaya köklənib. Təxribat törətmək istəyən qüvvələr bir daha eşitdilər ki, Azərbaycanın dəmir yumruğu yerindədir. Və Azərbaycan xalqının qələbə əzminin qarşısını heç kəs ala bilməyəcək!

Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Babək Abdullayev

Paylaşın: