Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı 29 dekabr 2021-ci il tarixində müvafiq sərəncam imzalanıb. Sərəncamdan irəli gələrək ADPU-nun Şamaxı filialında Tədbirlər Planı imzalanıb.

Tədbirlər planının müvafiq bəndinə uyğun olaraq filialımızda “İrəvan müəllimlər seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova  qeyd edib ki, “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamını milli yaddaşın bərpasına hədəflənib. Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir. Keçmişi bilməmək yalnız indi baş verənlərin dərkinə deyil, həm də gələcəyə nüfuz etmək təşəbbüslərinə mane olur.. Bu baxımdan İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Bu Sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.

Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov öz nitqində mövzu ətrafında əhatəli çıxış edərək qeyd edib ki, İrəvanda yeni məktəb sisteminin yaradılması XIX əsrin 30-cu illərinə təsadüf edir. Yerli xalqları itaətdə saxlamaq, ruslaşdırma və xristianlaşdırma siyasətini həyata keçirmək, çarizmin hökmranlığını möhkəmləndirmək məqsədilə milli ucqarlarda qəza məktəblərinin açılmasını nəzərdə tutan Zaqafqaziya məktəblərinin ilk nizamnaməsi (1829) qəbul olundu. Bu nizamnaməyə görə, Cənubi Qafqazda 20 qəza məktəbinin açılması nəzərdə tutulurdu. 1832-ci ildə İrəvan şəhərində ilk dünyəvi məktəb – ikisinifli qəza məktəbi yaradıldı. Qəza məktəbi 1839-cu ildə üçsinifli qəza məktəbinə, 1869-cu ildə dördsinifli progimnaziyaya, 1881-ci ildə gimnaziyaya çevrildi. Gimnaziyanın 600-ə yaxın azərbaycanlı məzunu olub. Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin pedaqoji fəaliyyətinin mühüm bir hissəsi bu gimnaziya ilə bağlı olub. İrəvan şəhərində yeni üsullu anadilli məktəblərin meydana gəlməsi də həmin dövrə təsadüf edir. Məşədi Molla İsmayıl Hacı Kazımov, Mirzə Kazım Əsgərzadə 1882-ci ildə, Mirzə Həsən Rüşdiyyə 1883-cü ildə Təbrizdən İrəvana gələrək orada yeni üsullu məktəblər açdılar. İrəvan quberniyasında ildən-ilə qəza məktəblərinin və ibtidai kənd məktəblərinin yaradılması xalq müəllimlərinə zəruri ehtiyac yaratmışdı. O dövrdə ibtidai məktəblər üçün xalq müəllimləri seminariyalarda və müəllimlər institutlarında hazırlanırdı.

Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov maarif tariximizin mühüm mərhələsini təşkil edən İrəvan seminariyasının tarixindən danışdı. Qeyd olundu ki, dahi maarifçilərimizdən olan Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olub, geniş mədəni-maarif işləri aparıb. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları var.

Daha sonra Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova çıxış edərək İrəvan Müəllimlər Seminariyasınin şəhərdə yalnız təhsil ocağı deyil, həm də mühim elm və mədəniyyət mərkəzi olduğunu və İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı Sərəncamin təhsil tarixinin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsinə, tədqiq və təbliğ olunmasına təkan verəcəyini qeyd edib.

Paylaşın: