Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı 29 dekabr 2021-ci il tarixində müvafiq sərəncam imzalanıb. Sərəncamdan irəli gələrək ADPU-nun Şamaxı filialında Tədbirlər Planı imzalandı.

Tədbirlər planının müvafiq bəndinə uyğun olaraq “Pedaqoji fikir salnaməmizdə yaddaqalan səhifələr yazmış, regionda dünyəvi təhsil verən yeni tipli məktəb kimi fəaliyyət göstərmiş – İrəvan Müəllimlər Seminariyası” mövzusunda elmi konfrans keçirilib

Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova  qeyd etdi ki,  XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatında İrəvan Müəllimlər Seminariyasının xüsusi yeri olub. 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərib.

Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov maarif tariximizin mühüm mərhələsini təşkil edən İrəvan seminariyasının tarixindən danışdı. Qeyd olundu ki, dahi maarifçilərimizdən olan Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olub, geniş mədəni-maarif işləri aparıb. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları var.

Konfrans Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev İrəvan Seminariyasının azərbaycanlı məzunlarının məktəb tarixində oynadığı roldan danışdı.

Tədbir tələbələrin mövzuya həsr olunmuş tədqiqat işlərinin təqdimatı ilə davam etdirildi.

Paylaşın: