“İNFORMASİYA CƏMİYYƏTİ QURUCULUĞUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN TARİXİ ROLU” MÖVZUSUNDA ELMİ SEMİNAR

Mayın 5-də ADPU-nun Şamaxı filialında Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar keçiriləm silsilə tədbirlərdən biri olan “İnformasiya cəmiyyəti quruculuğunda ulu öndər Heydər Əliyevin tarixi rolu” mövzusunda növbəti onlayn elmi-seminar keçirildi. Seminarda  filialın  professor-müəllim heyəti və tələbələri, həmçinin Şamaxı rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Könül Eyvazova və Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının Gənclər Birliyinin sədri Nuranə Məmmədova iştirak edirdilər.

Elmi seminarların keçirilməsinin ADPU-nun Şamaxı filialında ənənə halını aldığını qeyd edərək, seminarın işinə uğurlar arzulayan  filialın direktoru, dosent Tünzalə Yusifova  Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, Azərbaycanda informasiya cəmiyyəti quruculuğunda mühüm rol oynadığını bildirdi. T.Yusifova  onu da vurğuladı ki, son illərdə ölkədə informasiya cəmiyyətinin sosial-iqtisadi, siyasi və hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bir sıra strateji əhəmiyyətli proqramlar və qanunlar verilmişdir. Əsas məqsəd Azərbaycanda siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi möyqeyinin möhkəmləndirilməsinə, milli elektron informasiya fəzasının yaradılmasına, davamlı inkişafın təmin edilməsinə yönəlmişdir.

Seminarda təlimçi qismində filialın Pedaqoji fakültə dekanı, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Qahirə Şahbazova çıxış edərək, 1993-2003-cü illərdə  Ulu öndər Heydər Əliyev tərəfindən informasiya cəmiyyəti quruculuğu sahəsində aparılan uğurlu islahatlardan, qəbul olunan qərarlardan və onların tətbiq istiqamətlərindən bəhs etdi. Qeyd olundu ki, bu sahədə aparılan islahatların dövlət rəhbərliyi tərəfindən qətiyyətlə davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkənin bütün təhsil müəssisələrində, o cümlədən ADPU-nun Şamaxı filialında onlayn təhsilə keçid uğurla nəticələnmişdir. Həmçinin müasir informasiya texnologiyalarının cəmiyyətə inteqrasiya səviyyəsi ölkənin iqtisadi inkişaf dərəcəsini əks etdirən amilə çevrilmişdir.

Seminar diskussiya şəklində davam etdirildi. Tələbələr tərəfindən səsləndirilən suallar və  onlara verilən ətraflı cavablar seminarın əhəmiyyətli olduğunu göstərdi.

Paylaşın: