İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.

Aprelin 12-də Bakıda Hərbi qənimətlər Parkının açılışı zamanı Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli çıxışı və qənimətlərin nümayişi müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük Vətən Müharibəsinin uğurlu nəticələrini bir daha sübuta yetirdi. Düşmənin uzun illər işğal altında saxladığı, müqəddəs ruhlarımızın uyuduğu torpaq uğrunda aparılan və sonu qələbə ilə bitən bu mübarizə hər bir azərbaycanlını hədsiz dərəcədə sevindirir və sevindirməyə də davam edəcək. Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçdilər. Vətən müharibəsi şəhidlərinin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, biz şəhidlərimizin intiqamını döyüş meydanında aldıq, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan xalqı həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını düşməndən döyüş meydanında aldı, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını aldı. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, mənfur düşməni əzəli-əbədi torpaqlarımızdan qovduq.

Azərbaycan Ordusunun yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an qovmaq üçün qisas hissi ilə alışıb yanması işğalçı Ermənistanı qorxuya salmışdır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, iradəsini, birliyini bütün dünyaya göstərmişdir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də olsun geriyə çəkilmədilər, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Ermənistan ordusunda 10 min fərari olmuşdur, bunu onlar özləri etiraf etmişdirlər. Ordumuzun yaralanmış hərbçiləri yalnız bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenidən döyüşlərə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir. Qəhrəman və peşəkar Azərbaycan Ordusunun mənəvi üstünlüyü danılmaz faktdır.

Azərbaycan xalqı bu müharibə ilə bağlı əbədi qürur duyacaq. Xalqımız müzəffər xalq kimi özünü dünyada təsdiq etmişdir. Ermənistan isə məğlub edilmiş, qarşımızda diz çökmüş ölkədir və bu həmişə belə olacaq.

İkinci Qarabağ müharibəsi bizim dövlətimizin gücünü, qüdrətini, sarsılmazlığını göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq. Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür.

Məlumdur ki, bu gün artıq dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki uğurlu hərbi əməliyyatlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında bu haqda dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Bu bir daha sübut edir ki, Azərbaycan Ordusu güclü hərbi strategiyaya və təcrübəyə malikdir.

Azərbaycan Ordusu döyüşlərdə hərbi qənimətlər əldə etmişdir. Elə bu qənimətlərlə də bu ilin yanvar ayından paytaxtın Xətai rayonunda yaradılmasına başlanılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı artıq tam hazır vəziyyətə gətirilmişdir. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatları, Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini bir daha göstərir.
Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin güc-qüdrətinin, iradəsinin bir daha şahidi olacaqdır. Düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənmiş, istehkamlar qurmuş, səngərlər, sığınacaqlar qazmışdır. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.

Azərbaycan xaqı erməni vəhşiliyini heç vaxt unutmayacaq. Ermənilər tərəfindən şəhərlərimiz, məscidlərimiz dağıdılıb. Məscidlərdə inək, donuz saxlayaraq bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bununla da bütün dünya onların əsas ideoloji amilinin nə olduğunu gördü. Erməni vandalizmi insanlığa qarşı törədilmiş cinayətdir.

İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri aparılmış, ordu quruculuğu daim dövlət siyasətinin prioritet istiqaməti olmuşdur. Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaratmışdır. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Ordunun döyüş qabiliyyəti möhkəmləndirilmiş, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilmişdir. Vətən müharibəsində əldə olunmuş Qələbə düzgün ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsi olmuşdur.

Vətən müharibəsini qələbə ilə başa vurmağımız göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Çünki silah bazarında ancaq kommersiya, biznes maraqları deyi, siyasi məsələlər əsas rol oynayır. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var .

İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycan dövləti tərəfindən böyük hazırlıq işləri görülmüş, siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, inamlı islahatlar aparılmış və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşmışdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Qələbənin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı.

Digər tərəfdən Azərbaycan iqtisadi cəhətdən inkişaf etmişdir ki, bu bizim torpaqlarımızın işğaldan azad olunmasında vacib rol oynadı. Əgər iqtisadi inkişaf, bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan həm də enerji müstəqilliyinə nail olmuş, 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edilmiş və digər tarixi layihələr həyata keçirilmişdir. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz, silahımız olmayacaqdı. Qələbə çalmaq üçün iqtisadi müstəqillik vacib idi və ölkəmizin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri hamı bilməlidir.Otuz il ərzində Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı. Hələ 1987-ci ildə Ulu Öndər H.Əliyev bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü. Ulu Öndərin istefasından iki həftə keçməmiş erməni millətçisi – Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir.

Heydər Əliyevin dövründə ermənilər heç vaxt bu cür təxribat və cinayətlərə cürət edə bilmirdi. Çünki bilirdilər ki, nə qədər H.Əliyev vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyllərin qarşısı elə yerindəcə alınırdı.

Müstəqilliyin ilk illərində Azərbaycan hərbi cinayətlərə məruz qaldı. Azərbaycan müstəqillik qazandıqdan dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı Xocalıda hərbi cinayət, insanlığa sığmayan vəhşilik törətdi. Dinc insanlar, uşaqlar, qocalar, qadınlar qətlə yetirildi. Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Müstəqilliyin ilk illərində baş vermiş cinayətləri və böyük fəlakətlərə səbəb olmuş siyasi xəyanətkarlığı unutmaq olmaz.

Müstəqilliyin ilk illərində faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti devirmək istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, AXC-Müsavat cütlüyünün dövlətə və Azərbaycan xalqına qarşı törədilmiş cinayəti olmuşdur.

1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verəndən sonra AXC-Müsavat cütlüyü təşvişə düşdü. Öz canlarını qurtarmaq üçün məcbur olub Ulu Öndərə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində ölkədə xəyanət siyasətinə son qoyuldu. Azərbaycan xalqı onlara cəmi bir il dözdü. Amma bu bir il ərzində ölkəyə çox böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə başladılar, qardaş qanını tökdülər.
AXC-Müsavat cütlüyü şəxsi ambisiyalar naminə dövlətin maraqlarını satan siyasi qüvvələrdir. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyü hərbi çevriliş etmək istəmişdilər, xalq onları dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istəmişdilər. Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək idi. Lakin bütün “narıncı inqilablar” xalqların və dövlətlərin tənəzzülü ilə bitmişdir.Bu cür inqilabların nəticəsində ölkələr bərbad vəziyyətə düşür, böhrandan çıxa bilmirlər.

Heydər Əliyev parlaq siyasi zəkası, istedadı və uzaqgörən siyasəti nəticəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmışdır. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi Azərbaycanı dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevirmişdir. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan!

Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi, b.ü.f.d. Əkbəri Təranə

Paylaşın: