Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında İctimai şuranın üzvləri imtahanlarda iştirak ediblər. Onlar imtahanların keçirilməsi qaydaları və tələbələrin imtahanda iştirakı və hazırlıq səviyyələri ilə yaxından tanış olublar.
Filialın direktoru, dosent Tünzalə Yusifova şura üzvlərinin diqqətinə çatdırdı ki, filialda imtahanların obyektiv şəkildə qaydalara uyğun keçirilməsi üçün bütün hazırlıq işləri görülüb. İmtahanlar müddətində həm də valideynlərin, ictimaiyyət nümayəndələrinin və filialın İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı təmin edilib. Qeyd edib ki, gələcəyimiz üçün savadlı və ixtisaslı kadrların hazırlanması üçün ictimai nəzarətin təmin edilməsi çox önəmlidir. Bu məqsədlə ADPU-nun Şamaxı filialında 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində filialda tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə İctimai Şura yaradılıb.
Filialda yaradılan İctimai Şuranın üzvlərindən Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdir vəzifəsini müvəqqəti icra edən Həmid Qasımov, Şamaxı Regional Kollecinin direktoru İlham Vəliyev, Anar Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbin direktoru Nuranə Məmmədova tələbələrin imtahan prosesini izləyib, filialda yaradılan obyektiv imtahan şəraiti ilə tanış olublar.
İctimai şura üzvləri həmçinin filialın tədris binasında son dövrlər aparılan yeniliklərlə tanış oldular.
Yekun olaraq şura üzvləri hər biri imtahanların keçirilmə prosesinin obyektivliyi və şəffaflığından son dərəcə razı qaldıqlarını bildirdilər.